“Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “Tvitter”dəki paylaşımında əksini tapıb.Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan ibarətdir.
İki ölkə arasındakı əlaqələri “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Azərbaycan hər zaman digər ölkələrin ərazi bütövlüyü qəbul edir:
“Bu barədə mövqeyimiz hər zaman qəti olub. Ona görə də bütün mübahisəli məsələlər olsa belə, Azərbaycan Gürcüstanın, həmçinin Krım və Donbas məsələsində Ukraynanın ərazi bütövlüyünü tanıyır. Dövlətimiz ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn mövqeyini prinsipial olaraq izləyir. Gürcüstan bizim üçün sadəcə ərazi bütövlüyünü dəstəklədiyimiz yox, həm də dost və qonşu ölkədir. Hər zaman Gürcüstanın dar məqamında yanında olmağa çalışmışıq”.
T.Rzayev qeyd edib ki, bu yaxınlarda Rusiya ordusunun Gürcüstana girməsi və Abxaziya ilə Osetiyanın işğal etməsinin ildönümü baş tutdu:
“Fikrimcə, bu hadisə Azərbaycan XİN tərəfindən belə açıqlamanın verilməsinə səbəb olub. Məlumdur ki, Gürcüstana gedən qaz və elektrik xətləri Rusiya tərəfindən kəsilmişdi, ancaq Azərbaycan Gürcüstana qaz yönəltdi ki, şaxtalı günlərdə əhali donmasın.
Həmçinin həmin ölkəni enerji ilə təmin etdik. Bir sözlə, ölkəmiz lojistik olaraq qonşu dövlətərə hər zaman humanitar yardımların çatdırılmasına kömək edib. Azərbaycan dost və qonşu Gürcüstan dövlətinin yanındadır.
Biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq və tanımağa davam edəcəyik, mövqeyimizdə heç bir dəyişiklik ola bilməz. Bunun qarşılığında da Gürcüstandan dost və qardaşlıq münasibəti, Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə prinsipial mövqe tutmasını gözləyirik.
Bundan sonra da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Gürcüstan rəhbərliyindən Azərbaycanla münaqişə yaradan mövzulardan uzaq durmağa, əksinə iki xalqı daha da birləşdirəcək mövzular barədə danışıb, daha gözəl dostluq və qardaşlıq inşa etməyi gözləyirik”.