Natiq Miri: “3+3” əməkdaşlıq formatı mütləq qurulmalıdır"
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir müddət öncə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirakı zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunmuşdu. Prezident qeyd etmişdi ki, Azərbaycanın qəti qələbə əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış geosiyasi vəziyyət hazırda bizim qonşularımızın regional inkişafla bağlı baxışlarımızı paylaşdığını göstərir: “Yeri gəlmişkən, biz bunu artıq qonşu ölkələrlə müzakirə etmişdik. Region necə inkişaf etməlidir, nəqliyyat, logistika ilə bağlı hansı layihələr olmalıdır, enerji əməkdaşlığı, ticarət və sairə. Beləliklə, bizdə heç bir fikir ayrılığı yoxdur.
Doğrudur, Ermənistan hələ açıq şəkildə öz siyasətini bəyan etməyib, lakin onların de-fakto etdikləri də qənaətbəxşdir. Mən hökuməti nəzərdə tuturam. Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə bizim konkret əməkdaşlıq istiqamətimiz var. Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur. Odur ki, Xəzər dənizinin o biri tayındakı qonşularımızla əməkdaşlığın əsas sahəsi nəqliyyatdır, lakin əməkdaşlıq təkcə bundan ibarət deyil. Biz qarşılıqlı ticarətin həcminin necə artırılması, qarşılıqlı investisiyaların yatırılması üçün daha yaxşı imkanların necə təmin olunması üzərində çox yaxından çalışırıq. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik”. Prezidentin çıxışından da göründüyü kimi, Azərbaycan regionda şərtləri diktə edən ölkə olmaqla yanaşı, qonşu, eyni zamanda region dövlətləri üçün də iqtisadi inkişaf və siyasi sabitliyin təminatçısına çevrilib. Politoloq Natiq Miri də “Şərq”ə açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycana yox, region ölkələrinin hamısı üçün əlverişli, geo-iqtisadi və geo-siyasi maraqlarına uyğun gələn layihədir:
- Burda təkcə Azərbaycanın əldə edəcəyi mənfəətdən söhbət gedə bilməz. Azərbaycan, məlumdur ki, iqtisadi inkişafını təmin etmiş, regionda söz sahibi olan bir dövlətdir. Azərbaycan nəhəng kommunikasiya, enerji layihələrinin icrasına başçılıq edən ölkədir. Zəngəzur dəhlizi Azərbaycandan daha artıq qonşu dövlətlərə, region ölkələrinə lazımdır. Zəngəzur dəhlizinin açılması ilə region ölkələri nə əldə edəcək? Birincisi, dəmiryolu xətti və avtomobil yolunun açılması ilə regional əməkdaşlıq üçün münbit şərait yaranacaq. Regional əməkdaşlıq güclənəcək. İkincisi, Zəngəzur dəhlizi bütün region ölkələrinin geosiyasi maraqlarına uyğun modeldir. Bu model sayəsində Rusiya Ermənistanla əlaqə saxlaya biləcək. Yaxın Şərqə də çıxış imkanı əldə edəcək. Bildiyimiz kimi hazırda Rusiyanın Yaxın Şərqə çıxışı Türkiyə vasitəsilədir. Təcavüzkar siyasəti nəticəsində region ölkələri ilə əməkdaşlıqdan məhrum olmuş Ermənistan da mallarının rahat daşınmasına nail olacaq. Ermənistan da MDB bazarlarına çıxış imkanı qazanacaq, yeni iqtisadi, maliyyə bazarlarına çıxışını təmin edəcək, investisiya qoyuluşu üçün imkanlar əldə edəcək. Eyni hal İrana da aiddir. İran da daha geniş regional əməkdaşlıq üçün əlavə dəmir yolu xətti əldə edir. Bu dəhliz qardaş Türkiyənin geosiyasi, geoiqtisadi maraqlarına uyğundur. Türkiyə bu dəhliz vasitəsilə türk dünyası ilə rahat və təminatlı bir yol - əlaqə əldə edir. Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirən amil roluna malik olacaq. Yəni diqqət edək, bu layihədə qazanmayan, gəlir əldə etməyən, iqtisadi inkişafını yüksəltməyənə dövlət yoxdur. Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi region ölkələri üçün necə geniş imkanlar açır.
N.Miri qeyd etdi ki, regionda sülh və əmin-amanlığın davamlı olması üçün “6-lıq” əməkdaşlıq formatının saxlanması vacibdir:
- “3+3” əməkdaşlıq formatı mütləq qurulmalıdır. Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan, Ermənistan və üstəgəl, Rusiya-Türkiyə-İran əməkdaşlıq formatı bütün region ölkələri üçün ən uyğun siyasi və iqtisadi modeldir. Doğrudur, hazırda Gürcüstan bir qədər tərəddüd edir, Rusiya ilə aralarındakı məlum səbəblərdən, amma hesab edirəm ki, regiondakı geo-iqtisadi irəliləyişdən Gürcüstan hökuməti də kənarda qalmaq istəməyəcək və onlar da regional əməkdaşlığa aktiv qoşulacaqlar. Regionda sülh və təhlükəsizlik istəyirlərsə, Azərbaycanın diktə etdiyi uyğun şərtlərlə razılaşmalıdırlar. Sülh, əmin-amanlıq və regional iqtisadi inkişaf bundan keçir.