“Sadəcə Azərbaycanı sıxışdırıb yeni müqaviləyə imza atmaq istəyirlər”
“Həmin sənədin konturları təxmini məlumdur. Məsələ Azərbaycan- Ermənistan sərhəddini rusların qorumasından gedir”
“Bu, hər iki dövlətə nəzarətdir”
“Düşünürəm ki, Azərbaycan buna razı olmamalıdır və olmayacaq”
“Üçtərəfli razılığa əsasən hər bir tərəf- Azərbaycan, Rusiya və Ermənistan öz üzərinə öhdəlik götürüb. Liderlər həmin sənədi ciddi qəbul edirlər”.
Bunu sərhəddəki təxribatlar barədə “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
Onun fikrincə, genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir:
“Düzdür, Moskva İrəvanın əli ilə üçtərəfli razılıqdan kənara çıxmağa çalışır. Amma böyük hərbi konflikt həm Ermənistanın, həm də Rusiyanın ziyanınadır. Faktiki olaraq Ermənistan ordusu məhv edilib. Həmçinin nəzərə almaq lazımdır ki, indiki vəziyyət Kremlin xeyrinədir. Şimal qonşumuz hərbçilərini Qarabağa yığıb. Əlbəttə, Qərb bundan narazıdır. ABŞ-la Fransa Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsini qəbul etmirlər. Yeni hərbi konflikt həmin dövlətlər üçün bəhanə olar. Odur ki, Moskvanın müharibəyə təhrik edəcəyinə inanmıramn. Bu, Rusiyanın Cənubi Qafqazdan çıxmasına şərait yaradar”.
S.Məmmədli, Moskvanın qeyri-adekvat davranışlarının arxasına nəyin dayandığını da izah etdi:
“Sadəcə Azərbaycanı sıxışdırıb yeni müqaviləyə imza atmaq istəyirlər. Həmin sənədin konturları təxmini məlumdur. Məsələ Azərbaycan- Ermənistan sərhəddini rusların qorumasından gedir. Bu, hər iki dövlətə nəzarətdir. Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşdə də Kreml sahibi hansısa güzəştlərin məqsədəuyğun olduğunu demişdi. Fikrimcə, o, elə buna eyham vururdu. Amma bundan sonra hansısa güzəşt rəsmi Bakı üçün çətin vəziyyət yarada bilər. Əlbəttə, bizim icazəmiz olmadan heç bir ikinci dövlətin ordusu sərhədlərimizi qoruya bilməz. Düşünürəm ki, Azərbaycan buna razı olmamalıdır və olmayacaq”.