Lukaşenkodan blef: “Hakimiyyətdən getməsi üçün zəmin yoxdur” – Qərbə mesaj! 

Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə vəzifədən nə vaxt gedəcəyi ilə bağlı açıqlama verib. O, deyib ki, Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezliklə bu, olacaq.
“Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar gələcək. Hətta tezliklə. Ancaq siz bu dəyişikliyin vaxtı ilə bağlı narahat olmayın. Lukaşenkonun nə vaxt gedəcəyini tapmacaya çevirməyin. Bu, çox tezliklə olacaq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Belarus Prezidenti vurğulayıb ki, bir il əvvəl ölkə siyasi təlatüm yaşadı və həmin hadisələr ölkəyə başçılıq edə biləcək 15-20 nəfərin olduğunu sübut etdi.

Politoloq İlqar Vəlizadə Belarus dövlət başçısının açıqlamasını “Sherg.az”a şərh etdi:

“Fikrimcə, bu, siyasi ritorikadır. Lukaşenkonun vəzifədən getməsi keçən ildən gündəmdədir. O, bu yolla xalqı sakitləşdirmək, ömürlük hakimiyyətdə olmayacağına dair ictimai rəy yaratmaq istəyir. Əslində bu, həm də Qərbə mesajdır. Amma hələlik Lukaşenkonun hakimiyyətdən getməsi üçün zəmin yoxdur”.