Rusiyalı hərbçilərin Qazağa yerləşdirilməsi ilə bağlı münasibətlər birmənalı deyil. Bəziləri bunu işğal altında olan yeddi kəndimizin qaytarılmsı istiqamətində atılan addım kimi qiymətləndirir. Bir qrup ekspertin fikrincə isə Qazaxdakı hərbçilər rəsmi Bakı üçün daha çətin vəziyyət yarada bilərlər.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Yəqin ki, Azərbaycanın icazəsi var. Əks halda belə addım atıla bilməzdi. Çünki Qazax beynəlxalq normalara görə Azərbaycanın tanınmış ərazisidir. İkinci bir tərəfdən, orada Ermənistanın iddia etdiyi qədər çox rus hərbçisi yoxdur. Bu, ona deməyə əsas verir ki, indi keçid dönəmidir və rus hərbçilərinin Qazağa yerləşdirilməsi təhlükəsizlik tədbirləridir”.