Ermənistandakı ruslar KTMT qoşunu adlandırılacaq ? - Şərh 

Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. O, səfər çərçivəsində ölkənin Baş naziri Nikol Paşinyan, XİN və Müdafiə nazirlinin rəhbərliyi ilə görüşəcək.
Baş katib bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin siyasi yolla tənzimlənməsi imkanları tükənməyib:
“Əgər problemin həlli yollarından danışsaq, o zaman düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, bu hər kəs üçün ən yaxşı variant olardı”.



Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov səfərin hansı məqsədlə baş tutduğuna dair fikirlərini “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, KTMT tamamilə mənasız bir quruma çevrilib:

“Xüsusilə də son vaxtlar Orta Asiya Respublikaları ilə Türkiyə münasibətlərinin yüksək səviyyədə olması ilə KTMT öz mahiyyətini tamamilə itirmək üzrədir.

Ona görə də səfərin bir səbəbi bu ola bilər. Digər səbəb təşkilatın əsas yaradıcısı olan Rusiyanı müəyyən qədər nəzarətdə saxlamaq üçün edilən cəhdlərdir.

Səfər həmçinin Ermənistana  siyasi dəstək verəcək bir səfər kimi də qiymətləndirilə bilər. Hər üç halda səfərin heç bir xüsusi və siyasi əhəmiyyəti yoxdur. Çünki Ermənistanda bilavasitə rus qoşunları var. Ola bilsin, gələcəkdə onların adını bəlkə də, KTMT-nin qoşunu kimi adlandırsınlar.

İstənilən halda hamı başa düşür ki, onlar Rusiyanın qoşunudur və rus qoşunu haradadırsa, ora Rusiya ərazisi hesab olunur. Bu baxımdan səfər xüsusi bir əhəmiyyət kəsb etmir".