"Taliban" danışıqlar masasına oturmasa əməliyyatlar davam edəcək
Bir müddət əvvəl qoşunlarını Əfqanıstandan çəkən ABŞ "Taliban"ı bombalayıb. Belə ki, ABŞ-ın “B-52 Stratofortress” bombardmançı təyyarələri Əfqanıstanın Cauzcan əyalətində radikal “Taliban” hərəkatının mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində silahlılar ağır itkilərə məruz qalıblar. Maraqlıdır, Əfqanıstandan qoşununu bir müddət əvvəl çəkən ABŞ niyə qəfildən bu cür addım atdı?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlamasında ABŞ-ın bu addımını şərh edib. O, ilk olaraq diqqətə çatdırıb ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxarsa da, hərbi hava qüvvələrini oradan çıxaracağını deməyib. Bundan başqa, ABŞ-ın Əfqanıstanın mövcud hakimiyyəti, yəni Əşrəf Qəni qarşısında öhdəliyi var:
"Xatırlayırsınızsa, bir müddət öncə Əşrəf Qəni Amerika Birləşmiş Ştatlarında səfərdə olmuş və C.Baydenlə görüşmüşdü. Bayden onda bildirmişdi ki, əfqan xalqı öz taleyini özü həll etməlidir. Həmçinin, o vurğulamışdı ki, ancaq bu o demək deyil ki, onlar əfqan xalqına yardım etməyəcək. Hesab edirəm ki, bu, Baydenin Əşrəf Qəniyə verdiyi sözün həyata keçməsidir. İkinci bir tərəfdən sual yaranır: "ABŞ "Taliban"ı niyə bombalayır?". Yəni bir yandan "Taliban"ı danışıqlara çağırır, o biri tərəfdən isə onun mövqelərini bombalayır. Hesab edirəm ki, bu hərəkəti ilə Amerika Birləşmiş Ştatları "Taliban"ı danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dayandırmağa məcbur etmək istəyir. Yəni bununla Amerika Birləşmiş Ştatları "Taliban"a çatdırmaq istəyir ki, hərbi əməliyyatları dayandırmasa, mövqelərini havadan bombalayacaq. Yəni Əfqanıstan hakimiyyətinə bu istiqamətdə yardımlar edəcək. Təbii ki, "Taliban" özü də elan edir ki, masalar qarşısında oturmağa hazırdı. Ancaq "Taliban" Əfqanıstan hakimiyyətini fakt qarşısında qoymağa çalışır. Bilirik ki, "Taliban" artıq ölkənin böyük ərazisinə nəzarət edir və beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, Əfqanıstana nəzarəti o edir. Yəni onunla bir güc kimi razılaşmaq, şərtlərini qəbul etmək lazımdır".
S.Soltan vurğulayıb ki, əgər "Taliban" bu istiqamətdə fəaliyyətini dayandırmazsa, ona qarşı yenidən genişmiqyaslı əməliyyatların başlayacağı istisna olunmur:
"Hətta "Taliban"a qarşı yenidən yeni sanksiyaların tətbiq olunacağı da ehtimal olunur. Bilirsiniz ki, "Taliban" dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya, ABŞ, Avropa İttifaqı tərəfindən terrorçu təşkilatlar siyahısına daxil edilib. Bugünə qədər danışıqların getməsinə baxmayaraq, "Taliban" həmin siyahıdan çıxarılmayıb. Başqa sözlə, Əfqanıstan hakimiyyəti daxildə sabitliyi təmin etmək üçün dünyanın terrorçu kimi tanıdığı qruplaşma ilə danışıqlar aparır. Odur ki, "Taliban" yenidən danışıqlar masasında oturmazsa, bu o deməkdir ki, Əfqanıstanda hakimiyyət təmsilçiləri dediyi kimi "Taliban" dəyişməyib, əvvəlkindən daha da qəddarlaşıb". "Taliban" deyilənlərə riayət etməsə, onda qəddarlaşma ifadəsi təsdiqlənmiş olacaq".