Könül Nurullayeva: “Ermənistanın sərhəd təxribatları delimitasiya və demarkasiya prosesini əngəlləməyə hesablanıb”
"Ermənistan sərhəddə təxribatlar törətməklə regionda vəziyyəti məqsədli şəkildə gərginləşdirir. Təbii ki, Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunur və bundan sonra da təmin olunacaq".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, erməni təxribatları ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır:
"Bu ölkənin yeni müdafiə naziri Arşak Karapetyan da sələfləri kimi terrorçu kimi danışır. Bu gün faktiki ordusuz qalan Karapetyanın “güc tətbiq etmək hüququnu özümüzdə saxlayırıq” deməsi isə blefdən başqa bir şey deyil. Çünki güc tətbiq etmək hüququ kifayət deyil. Burada təbii ki, hərbi imkanların səviyyəsi əsas məsələdir.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatında da haqlı olaraq sabiq müdafiə naziri David Tonoyanın aqibəti bir daha xatırladılır. O da vaxtilə “yeni ərazilər üçün yeni müharibələr” sayıqlaması ilə çıxış etmişdi. Amma onun və ölkəsinin 44 günlük Vətən Müharibəsində aqibətini bütün dünya gördü. Yəni, 9 ay əvvəl ordusu rüsvayçı şəkildə darmadağın olmuş bir forpostun müdafiə nazirinin bu gün yenə revanşimzə meyllənməsi əslində bu ölkənin özü üçün ciddi təhlükədir. Azərbaycan yeni nəsil müharibənin qalibi, dünyanın 50 ən güclü ordusundan biri, regonun ən güclü Silahlı Qüvvələrinə sahib ölkə kimi yarana biləcək bütün təhlükələrin öhdəsindən gəlmək gücündədir".
Parlament üzvü qeyd edib ki, bu məqamda sülhməramlıların məsuliyyətini xatırlatmaq lazımdır:
Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Azərbaycan Müdafiə Nzirliyinin rəcmi məlumatında da qeyd olunduğu kimi, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Eyni zamanda Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Bu isə istər hüquqi, istərsə də siyasi baxımdan yolverilməzdir. Azərbaycan postmünaqişə hədəflərini yerinə yetirir. Ali baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, “biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışmağa məcbur olub.” Bütün maraqlı tərərfələr 10 noyabr və 11 yanvar bəyanatlarında əksini tapan şərtlərin icrasını istəyir. Ermənistanın öz təxribatçı əməllərinə KTMT-ni cəlb etmək cəhdi isə növbəti dəfə iflasa uğradı. KTMT-nin baş katibi Stanislav Zasın son bəyanatından da aydın olur ki, təşkilat baş verənləri Ermənistanın arzuladığı kimi yox, sərhəd insidenti kimi qəbul edir. Zasın bu açıqlaması Ermənistan rəhbərliyini məyus etdi. Ümumiyyətlə, Ermənistanın son davranışlarından aydın görünür ki, İrəvan ümidlərini bu ilin dekabrında KTMT-yə edəcəyi sədrliyə bağlayıb. Lakin Paşinyan və onun komandası ilk növbədə hərbi təşkilata üzv ölkələrin Azərbaycana yüksək səviyyəli münasibətini və 44 günlük savaş dövründə proseslərlə bağlı mövqeyini unutmamalıdır. Onu da unutmamalıdır ki, Azərbaycan yeni reallıqları diktə edir, bu reallıqları qəbul etmək isə Ermənistanın son və yeganə şansıdır".