İrana nota:"...Tehran Bakı ilə münasibətlərə xələl gətirəcək”

İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə XİN məlumat yayıb. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub: "Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb". Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

 Millət vəkili Asim Mollazadə bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, qərar yerində verildi: 

“Əslində İranın indiki ritorikası təəccüblü deyil. Tehran hələ müharibə dövründə də İrəvana dəstək göndərirdi. Bu, ciddi narazılıq, suallar doğururdu. Üçtərəfli razılıqdan sonra da İran revanşist Ermənistanı dəstəkləməyə davam etdi.

Bu barədə hətta cənub qonşumuzun parlamentində də müzakirə gedib. Əlbəttə, İrann Ermənistanı dəstəkləməsi regionda sabitliyə mane olmaq üçündür. Fikrimcə, rəsmi Tehranın addımları İslam təşkilatlarında ciddi müzakirə olunmalıdır.

Bu siyasətinə son qoymasa, onsuz da İslam dünyasında biabır olan Tehran mühüm qonşusu olan Bakı ilə münasibətlərə xələl gətirəcək”.