Azərbaycan Müdafiə Nazirliyi dünən yaydığı bəyanatda Rusiyaya xəbərdarlıq edib. Bəyanatda deyilir: “Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”. Əlbəttə, Kreml bunu “qulaq ardına vurmamalıdır”. Çünki artıq səbr kasamız dolmaq üzrədir. Silahlar işə düşsə, Hərbi Qənimətlər Parkına yeni eksponatlar əlavə ediləcəyi şübhəsizdir.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu barədə “Sherg.az”a danışdı. Onun fikrincə, həm İrəvan, həm də Moskva deyilənlərdən nəticə çıxarmalıdır:
“Əlbəttə, Müdafiə Nazirliyinin açıqlaması təqdirəlayiqdir. Amma erməniləri özümüz Qarabağdan çıxarmalıyıq. Öz işimizi özümüz görməliyik. Bunun üçün kimsəyə ehtiyacımız yoxdur. Ermənilərə postlar qurmağa başlayıblar. Azərbaycan əsgəri rusları da, erməniləri də Qarabağdan çıxarmalıdır. Onların yerləşdiyi yerlər dağıdılmalıdır”.