Paşinyanın görüş təklifi siyasi gedişdir

Baş nazir geri çəkilməyib, sadəcə bu dəfə oyun qaydaları daha geniş masştabda qurulub

Bunu Ermənistanı dəstəkləyən güc mərkəzlərinin son verdiyi mesajlar da sübut edir


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün görüşməyə hazır olduğunu bildirib. O bəyan edib ki, Yerevan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır. Hökumətin iclasının gedişində Paşinyan Ermənistanın Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazır olduğunu deyib. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir. Baş nazir belə hesab edir ki, təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır və bu, danışıqlar üçün müvafiq atmosferin yaranmasına imkan verər. Maraqlıdır, Paşinyanın Əliyevlə görüş istəyinin arxasında nə dayanır?

Siyasi-şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda seçkilərdən sonra proseslərin gözlənilən inkişafı və Bakının sərt mövqeyi fonunda İrəvanın “yola gəldiyi” görünə bilər. O qeyd edib ki, Nikolun doğrudan da sülhə razı olduğu sual doğurur: "Çünki Paşinyan Minsk qrupu formatında danışıqlara dəvət edir və bu, münaqişənin bitdiyi reallığına ziddir.

Həmçinin,  Paşinyan “konkret təkliflər” gözlədiyini açıqlayır.

Qeyd edim ki, Azərbaycan Ermənistana sərhədin delimitasiyası məsələsinin də daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib və danışıqlar yalnız bu proqram çərçivəsində aparılmalıdır. Nikol isə danışıqları əvvəlki vəziyyətə qaytarmaq istəyir. Erməni baş nazir yenidən sərhəddə “beynəlxalq monitorinq mexanizminin işə salınması” təklifini gündəmə gətirir və bunun üçün ya KTMT, ya da Minsk qrupu həmsədrlərinin gəlişini dəstəkləyir. Baş nazir bölgədə kommunikasiyanın bərpasının, kommunikasiya üzrə üçtərəfli işçi qrupunun yenidən fəaliyyətə başlamasının və qonşu ölkələrlə münasibətlərin normallaşmasının Ermənistan üçün prioritet olduğunu qeyd edir. Paşinyanın açıqlamasındakı ilk iki məqamın hədəfi odur ki, o, Qərbin istədiyini vermək, erməni ictimaiyyətində Qarabağ kartını əlində saxlamaq, “sülh istəməyən Azərbaycandır” rəyini yaratmaqdır. Digər məqam isə sərhəd məsələsində Rusiyanın dəstəyini qazanmağa hesablanıb. Görünür, Zasın İrəvan səfərində KTMT-nin bölgəyə gəlişi ilə bağlı konkret nəticələr əldə edilməyib və İrəvan Moskvaya yenidən “alternativin olduğu” mesajını verir. Daha bir məqam istəyinə nail olmaq üçün birbaşa Rusiyanın maraqlarına uyğun mövqe sərgiləməyə hesablanıb. Nikol bildirir ki, “regional əlaqələrin açılması tez həll edilməli məsələdir". Ruslar üçtərəfli razılaşmalarda əsasən kommunikasiyanın açılmasını sürətləndirmək istəyir, hərçənd, bunun üçün öncə sərhədlərin delimitasiyası prosesi həyata keçirilməlidir. Paşinyan da rusların istəyini tezləşdirmək haqda sözlərindən dərhal sonra qeyd edir: “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı mövqeyimiz dəyişməzdir. Düşünürük ki, bu istiqamətdə işlər də gücləndirilməlidir” və bununla Moskvaya “regional əlaqələrin bərpası üçün sərhədin müəyyənləşməsində bizə dəstək ver” mesajını verir. Paşinyanın açıqlamasından çıxan yekun nəticə isə budur ki, Ermənistan sərhəddə Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsini istəyir. Bu kontekstdə dünən Ermənistan XİN-in Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ilə bağlı verdiyi bəyanat diqqət çəkir. Bəyanatda iddia olunur ki, 10 noyabr razılaşmasında “qoşunların çıxarılması” ifadəsi yer almayıb və buna görə İrəvan erməni hərbi birləşmələrini bölgədən çıxarmaq niyyətində deyil.

Nikolun bu gün dediyi “əraziləri işğal etmək niyyətimiz yoxdur, niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır” açıqlaması fonunda Ermənistan XİN-in bəyanatını belə oxuya bilərik:

"Azərbaycan sərhəd istiqamətində bizim ərazimizdən çıxmasa, biz də Qarabağdan erməni qoşunlarını çıxarmırıq". Hərçənd, Zasın İrəvan səfəri, Lavrovun zəngi və Azərbaycanın rus sülhməramlılarına açıq xəbərdarlığı fonunda bu açıqlamanın arxasında Rusiyanın dayandığı da istisna deyil. Və belə görünür ki, qarşı tərəfin başa düşdüyü hərbi dildən başqa yol yoxdur, sərhəddə də, Qarabağda da...".

Paşinyanın görüş təklifinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli  "Şərq"ə açıqlamasında deyib ki, baş verənlər heç də Nikol Paşinyanın geri çəkildiyi anlamına gəlmir.

Sadəcə oyun qaydaları artıq kifayət qədər geniş masştabda qurulub:

"Həm Ermənistan, həm də onun arxasındakı güclər, yəni onu müxtəlif səviyyələrdə dəstəkləyən təsir mərkəzlərinin son verdiyi mesajlar bunu sübut edir. Həmçinin, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, üstəgəl Xarici İşlər Nazirliyinin iki ölkəyə verdiyi nota hazırda çox qətiyyətli bir mövqenin sərgilənməsini ortaya qoydu. Faktiki hazırda baş verənlərin Azərbaycanın nəzarətində olduğunu göstərir. Eyni zamanda, Azərbaycanın pilotsuz və yaxud başqa qrup silahlı vasitələrinin demək olar ki, hazırda Ermənistanın istənilən obyektini anında məhv edəcək gücə malik olmasını Azərbaycan tərəfi qərarlıqla nümayiş etdirir.

Hesab edirəm ki, bütün bu məsələlərdə ən önəmli rol oynayan məhz Azərbaycanın hərbi qətiyyətidir. Artıq biz praktiki olaraq bunu ötən ilin 27 sentyabrından sonra da sübut etdik.

Təxmini proseslər eyni paralel üzrə davam edir və bu artıq Ermənistanın növbəti dəfə qaçılmaz məğlubiyyəti ilə yekunlaşacağı faktını ortaya qoyur. Sadəcə, dəyişən məsələ nədir? Buna qədər Paşinyan və onun komandası çalışırdı ki, maraqların toqquşduğu Qafqazda müharibədən sonrakı məğlubiyyət dönəmində hansısa daha az güzəştlər versinlər. Və ümumi narazılıqlardan istifadə edərək Rusiyaya hansısa bir formada zərər gətirsinlər, eləcə də Azərbaycana, Türkiyəyə. Çalışırdılar ki, bölgəyə Qərbin inhisarlarını daxil eləsinlər. Yəni bu plan indiki şəraitdə göründüyü kimi baş tutmur.

Bunun baş tutmamasının əsas səbəbi Azərbaycanın qətiyyətidir. Mütəffiqlərinin də müharibənin nəticələrini yekunlaşdırmaqda qərarlı olduğunun göstəricisidir".