Rus qoşunlarının Qazağa yerləşməsi cəmiyətdə ciddi ajiotaj yaradıb. Bu, gündəmin əsas mövzularından biridir. Belə ehtimallar var ki, rusların Qazağa gəlməsi işğal altındakı kəndlərimizin qaytarılması ilə bağlıdır. Sual yaranır: bəs ermənilərlə hansısa toqquşma olsa, həmin hərbçilər, həqiqətən, səssiz qalacaq? Bax, bu, şübhəlidir.
Ağ partiya sədri Tural Abbaslı məsələ barədə “Sherg.az”a danışdı:
“Sərhəddin müxtəlif istiqamətlərində rus qoşunları mövcuddur. Əlbəttə, bu, narahatedicidir. Odur ki, məsələ ilə ciddi məşğul olmalıyıq. Məlum olduğu kimi, Ermənistan öz sərhədlərini qoruya bilmədiyini açıq bildirdi və bunula bağlı KTMT-yə müraciət etdi. Rusiya isə sərhədləri qorumaqda həvəslidir”.
Siyasətçinin fikrincə, rəsmi Bakı ayıq-sayıqlığını itirməməlidir:
“Rusların Qazağa gəlişinin xeyir və şər olduğunu gələcəkdə görəcəyik. Hər halda müxtəlif ehtimallar var. Ona görə də Azərbaycan diplomatiyası diqqətli olmalıdır. Biz müdafiə yox, hücum taktikasını seçməliyik. Üçtərəfli bəyanatın icrasını tələb etməliyik. Həmçinin Rusiya və İranla da intensiv təmaslar davam etməlidir. Elə etməliyik ki, üç min şəhid hesabına qazandığımız qələbə siyasi intriqalara qurban getməsin”.