Rusların separatçıları dəstəklədiyi təsdiqləndi: “Rəsmi Bakı sərt mövqe bildirməlidir”

Rusiya Müdafiə Nazirliyi rəsmi surətdə Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunu “Dağlıq Qarabağın silahlı birləşmələri” adlandırıb. Bu barədə Rusiyanın müvafiq nazirliyinin rəsmi saytında informasiya bülleteni yayılıb. Həmin məlumatda bildirilir ki, son sutkalarda atəşkəs bircə dəfə pozulub: “Avqustun 11-i saat 7:29-dan 7:58-ə kimi Azərbaycan ordusu Dağlıq Qarabağın erməni birləşmələrinin mövqelərini iki dəfə atəşə tutub”.

Rusiya müdafiə nazirliyinin xəbərində “Dağlıq Qarabağ” ifadəsi işlənib, sülhməramlıların məsuliyyət zonasındakı erməni silahlıları qanunsuz hərbi birləşmələr adlandırılmayıb. Bundan başqa, ruslar atışma qeydə alınan Şuşanın Sarıbaba kəndini Yexstahoq olaraq qeyd ediblər.

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi şərhçi Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında bunun yolverilməz olduğunu dedi:

“Rusiya Müdafiə Nazirliyinin sözügedən açıqlaması beynəlxalq hüquq normalarına zidddir. Beləliklə, həm beynəlxalq hüquq pozulur, həm də Azərbaycanın suverenliyinə təhdid yaradılır. Qarabağa sülhməramlı missiya ilə girən dövlətin belə açıqlaması qəbuledilməzdir. Kreml rəhbərliyinin mövqeyini ifadə edən bəyanat əslində bizim üçün təəccüblü olmamalıdır. Bu, rusların separatçıları dəstəklədiyini təsdiqlədi. Fikrimcə, rəsmi Bakı sərt mövqe bildirməlidir”.