Ekspertlər hesab edir ki, təhlükəsizlik baxımından bu çox riskli prosesdir
Türkiyə yeni köç dalğası ilə üz-üzədir. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında buna xüsusi diqqət çəkib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib ki, regionun və əlbəttə, Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdləri artıracaq, bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcək.
Türkiyə Prezidenti son dövrlər İran üzərindən Əfqanıstandan yeni bir köç dalğasının ölkəsinə doğru gəldiyini və bunun getdikcə artdığını vurğulayıb: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”. Türkiyəyə yeni miqrant axınının nəticəsi nə ola bilər?
Miqrant axınının çox böyük hadisə olduğunu diqqətə çatdıran BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, bu, ilk növbədə təhlükəsizlik baxımından riskli prosesdir:
"Türkiyənin son dövrlər apardığı açıq qapı siyasəti müxtəlif ölkələrdə istər miqrant kimi qalmaq, istərsə də Türkiyədən tranzit kimi istifadə etmək istəyən miqrantların axınına səbəb oldu. Türkiyəyə Suriyadan dörd milyon miqrant gəlib. Hələ pandemiyadan əvvəl onlara dövlət tərəfindən 40 milyard dollardan çox vəsait xərclənmişdi. Avropa Birliyi Avropaya miqrant axınının qarşısını alıb Türkiyədə saxlamaq qarşılığında Türkiyəyə yardım vəd etsə də, bunun çox cüzi hissəsini vermişdi. Əfqanıstandakı məlum səbəblərdən əfqan qaçqınların Türkiyəyə axını başlayıb. Bu isə özlüyündə çox ciddi və təhlükəli prosesdir".
A.Qasımov diqqətə çatdırıb ki, Avropa əfqan qaçqınlarını qəbul edəcəyini bildirəndən sonra bu axın daha da artacaq:
"Miqrant axını təbii ki, çox böyük hadisə olmaqla yanaşı həm vəsait tələb edən, həm də təhlükəsizlik baxımından riskli prosesdir. Təbii ki, Türkiyəyə bu axın İran üzərindən baş tutur. İran da miqrantların Türkiyə sərhədlərinə gəlməsinə hərtərəfli şərait yaradır. Qeyd edim ki, əksər miqrantın sənədi yoxdur və kimlikləri məlum deyil. Bu faktın özü çox böyük təhlükədir. Çünki bu insanların nə məqsədlə gəldikləri də məlum olmur. Odur ki, təhlükəsizlik baxımından diqqətli araşdırma tələb edilməlidir. Türkiyənin bu insanları geri qaytarmaq fikri yoxdur, səbəb isə Türkiyənin islam dünyasının lideri olmaq yolunda addımlar atmasıdır. Odur ki, daxildə müxalifət və bir çoxları miqrant məsələsində Ərdoğan hakimiyyətini tənqid etsə də, Türkiyənin bu qaçqın insanları ölümə tərk etmək kimi niyyəti yoxdur. Türkiyə bu missiyanı öz borcu hesab edir".
Politoloq vurğulayıb ki, bu qaçqın köçünün Türkiyə üçün mənfi təsirinin olacağı mütləqdir:
"Amma bunun öhdəsindən gəlmək üçün Türkiyənin özündə güc tapacağına əmin olmaq olar. Hesab edirəm ki, Türkiyənin bu siyasəti doğru siyasətdir. Bu siyasət Türkiyənin islam aləmində hörmətini daha da artırır. Türkiyəni sevənlərin dairəsini genişləndirir, eyni zamanda, onun gücünü hamıya göstərir. Bu humanist siyasət Türkiyənin yumşaq gücüdür".