"Rusiya Qarabağda ermənilərin yaşadığı əraziyə “öz əyaləti” kimi istədiyi qurumu dəvət edir"
“Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif etməsi, Kremlin yanlış siyasətidir. İlk növbədə Azərbaycan Qarabağa beynəlxalq təşkilatları dəvət edə bilər. Azərbaycanın razılığı olmadan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Rusiyanın hər hansı bir şirkəti dəvət etməsi Azərbaycanın suverenliyinə təhdiddir”.
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya Qarabağda sülhməramlı missiya əvəzinə Qarabağda ermənilərin yaşadığı əraziyə “öz əyaləti” kimi istədiyi qurumu dəvət edir. Sergey Lavrovun bu qeydlərinə Azərbaycan XİN etiraz etməlidir: “Rusiya Azərbaycanla razılaşdırmadan və müzakirə etmədən Qarabağda istədiyi fəaliyyəti həyata keçirir. Bu, sonradan Qarabağda yaşayan ermənilərə Rusiyanın pasport verməsi ilə nəticələnə bilər. Ona görə də Azərbaycan Rusiya ilə Qarabağdakı bu kimi fəaliyyətə son verilməsini tələb etməlidir. Azərbaycanın razılığı olmadan hər bir beynəlxalq şirkətin buraya dəvət edilməsi qanunsuz hesab edilməlidir. Sergey Lavrovun bu dəvəti əsasən, Qarabağda erməniləri beynəlxalq müstəvidə bir subyekt kimi tanıtdırmaqdır. Moskvanın əsas siyasəti budur. Ümumiyyətlə, Rusiyaya Qarabağdan beynəlxalq müstəvidə danışmağa icazə verilməməlidir. S.Lavrov özünü Rusiyanın deyil, qondarma rejimin təmsilçisi kimi aparır”.