Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb. Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər. Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.
Üçtərəfli işçi qrupunun hansısa ciddi nəticə ortaya qoyacağına inanmıram. Çünki Bakı, Moskva və İrəvanın istəyi eyni deyil. Biz üçtərəfli razılaşmanın tələblərinin tamamilə yerinə yetirilməsini, o cümlədən Zəngəzur dəhlizinin açılmasını, erməni silahlılarının Qarabağdan çıxarılmasını istəyirik. Özünü moderator kimi təqdim edən Kreml belə demək mümkünsə, “sinsilik peşindədir”. Şimal qonşumuz nə Əli aşından olmaq istəyir, nə Vəli aşından. Bir tərəfdən sülhməramlılıq missiyasına xələl gətirməməkdən ötrü bölgədə “suları durultmaq” kimi görüntü yaratsa da, digər tərəfdən münaqişə ocağını tam söndürmək niyyətində deyil. Çünki Rusiya məhz Qarabağ münaqişəsi hesabına regiondakı mövcudluğunu qoruya bilir və anlayır ki, məsələ tam həllini tapsa, tərəflər arasında müqavilə imzalansa, nəinki sülhməramlı qoşuna, bircə rus hərbçisinə də ehtiyac qalmayacaq, o boyda imperiyanın adı heç yada da düşməyəcək. Rəsmi İrəvan isə prosesləri uzadaraq vaxt qazanmağa və bu əsnada Qərbin dəstəyindən tam əmin olmağa çalışır. İkinci bir tərəfdən, Ermənistan Baş naziri Nikol Paşinyan daxildə itirilmiş nüfuzunu bərpa etməkdən ötrü də addımlar atır. Deməli, üçtərəfli işçi qrupunun müzakirələrində fərqli prioritetlər, arqumentlər olacaq. Azərbaycanın buna ümidi varsa, onda gərək diktə edən tərəfə çevrilsin və hər iki digər “oyunçunu” onun “kartları” ilə hesablaşmağa vadar etsin. Bu isə kompromislər tələb edir.
Fikrimcə, üçtərəfli işçi qrupunun məqsədyönlü şəkildə, şimal qonşumuzun təşəbbüsü ilə bərpa edilməsi də istisna deyil. Senari əvvəlcədən hazırlanıb: aradabir bəyanatlar səsləndirməklə prosesləri uzatdıqca uzatmaq. Bu, indiki halda Rusiyanın maraqlarına tam uyğundur. Onu gühanlandıran da olanda deyəcək ki, iş gedir, səbrli olun. Həm də ola bilsin, bu yolla üçtərəfli razılaşmalara hansısa dəyişikliklər gözlənilir. Deməli, rəsmi Bakı diqqətli olmalı, təmkinli və səbrli davranmalıdır.
Üçtərəfli işçi qrupundan imtina etməyimiz və məsələyə etinasız yanaşmağımız düzgün deyil. Amma istənilən halda bu, “A” planımız olmamalıdır. Məqsədlərimizin reallaşmasından ötrü hansısa vədlərə arxayın olmaqdansa, əlimizdəki təzyiq vasitələrindən yararlanmalıyıq. Rusiyaya sülhməramlı mandatından kənar fəaliyyətinin, Ermənistana isə yersiz dikbaşlığının və ərazi iddialarının, revanş cəhdlərinin baha başa gələcəyini tez- tez xatırlatmaq lazımdır. Yeganə güvənc yerimiz ordumuz, yeganə müttəfiqimiz Türkiyə olmalıdır.
Nəzərə almaq lazımdır ki, biz artıq təcrübə sahibiyik- ATƏT-in yarıtmaz Minsk Qrupundan gördüyümüzü görmüşük. Həmsədrlər otuz il ərzində turistik səfərlərdən başqa bir şey etmədilər. Arzulayırıq ki, üçtərəfli işçi qrupu həmin qurumun yolunu getməz. Lakin belə olsa da təəccüblənməməliyik. Çünki oyunda özünü dünyaya ağ ayı kimi təqdim edən, fəqət, daha çox tülkütək davranan Moskva var...