Türkiyəli ekspert: “Moskva düşməni silahlandırmaq əvəzinə, onu sülh müqaviləsinə məcbur etməlidir”

“Açıqlamalar Ermənistan Baş naziri Nikol Paşinyanın “Azərbaycanla ən yuxarı səviyyədə sülh danışıqlarına hazırıq” bəyanatına cavab idi”.

Bu sözləri Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi barədə “Sherg.az”a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli mütəxəssis, ANKASAM araşdırmalar mərkəzinin rəhbəri Mehmet Seyfeddin Erol deyib. 

"Cənab Əliyev Cənubi Qafqazda sabitlik üçün rəsmi Bakının ilk vaxtlardan etibarən Qarabağ və Ermənistanla bağlı tələblərini növbəti dəfə dilə gətirdi. “Ermənistan, həqiqətən, sülh istəyirmi? İstəyirsə, bunu konkret dilə gətirsin” deyən lider tələblərini sadaladı. Hər şeydən əvvəl dövlətlər bir-birilərinin ərazi bütövlüyünü tanımalı və sərhədlərin müəyyənləşməsi prosesi gecikdirilmədən başladılmalıdır. İkinci məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Yeni Avrasiya layihəsi olan dəhlizin açılması İrəvanın da maraqlarına cavab verir. Ermənistan bu yolla həm İran, həm də Rusiya ilə dəmiryolu əlaqəsi yarada bilər. Beləliklə, düşmən üçün yeni fürsətlər meydana çıxacaq. Həmçinin dövlət başçısı xatırlatdı ki, Laçın dəhlizi nəzarətdədir. Üçüncü tələb Rusiyanın 10 noyabr üçtərəfli razılaşmasına əməl etməsidir. Moskva düşməni silahlandırmaq əvəzinə, onu sülh müqaviləsinə məcbur etməlidir. Türkiyənin Azərbaycana verdiyi dəstək kifayət qədər təsirli oldu. Lazım olsa yenə müharibəyə girərik və bu dəfə dərsi tam verərik. Prezident Əliyevin müsahibəsi daha əvvəllər olduğu kimi, Azərbaycanın başda Qarabağ olmaqla beynəlxalq təhlükəsizliyinə aid mühüm məqamları ehtiva edir. Dövlət başçısı regionda Azərbaycanı və müttəfiqlərini zəiflətməyə çalışan, hansısa status axtaran “oyunçulara” “Biz daha otuz il gözləməyəcəyik və lazım gələni edəcəyik” ismarıcını verdi. Bu mənada cənab Əliyevin “Danışıqlar nəticəsiz qaldıqdan sonra müharibəni başlatdıq" ifadəsi əslində İrəvana və onun arxasındakı güclərə yönəlmiş çox ciddi mesaj idi. Bu mesajın Türkiyənin telekanalından bütün dünyaya çatdırılması isə xüsusi əhəmiyyətli idi. Əminəm ki, bunu başda Ermənistan olmaqla bütün lazımi dövlətlər başa düşüblər”.