"Silah verirsənsə, deməli, tərəfləri müharibəyə hazırlayırsan"


Zaxarovanın fikirlərindən belə qənaətə gəlmək olar ki, Rusiya bilərəkdən regionda vəziyyəti gərginləşdirməyə çalışır

“Azərbaycanın tam hüququ var ki, Rusiyanın dırnaqarası sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması üçün üçtərəfli imzalanmış müqavilədən imtina etsin. Hesab edirəm ki, Zaxarovanın açıqlaması həm də ən üst səviyyədə Rusiya tərəfindən təxribatın yaranması deməkdir və bu hal ikitərəfli əlaqələrə, eyni zamanda regional münasibətlərə ciddi xələl gətirən hadisələrdən biridir”.

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Mariya Zaxarovanın verdiyi açıqlamalar Rusiya dövlətinin rəsmi mövqeyini təmsil edir: "Ötən gün Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə toxunaraq bəzi məsələlərə aydınlıq gətirdi. O, açıqlamasında bəzi qaranlıq, həm də təəccüblü olmayan fikirlər səsləndirdi. Zaxarova bildirib ki, "Ümumilikdə, həm Bakıda, həm də Yerevanda bizim ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhməramlılarımız sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşıb və sakit olaraq qalır". Burada sual yaranır ki, görəsən, Zaxarova KİV-ləri izləmirmi? Demək olar ki, hər gün mütəmadi olaraq Ermənistan tərəfi rus "sülhməramlıları"nın müvəqqəti yerləşdiyi Qarabağda atəşkəsi pozur və həmin "sülhməramlılar" ermənilərin xətrinə dəymək niyyətində görünmürlər. Zaxarova yenə də söyləyir ki, "Təbii ki, biz bu mövqeyimizi həm Bakı, həm də Yerevanın diqqətinə ən ali və yüksək səviyyələrdə çatdırırıq. Biz hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıcıq doğuran məsələləri aradan qaldırmağa, hərbi əsirləri "hamının-hamıya" prinsipi əsasında, minalanmış sahələrin xəritələrini tam həcmdə dəyişdirməyə çağırırıq". Zaxarovanın əsirlər barədə söylədiyi fikirlərə toxunarkən Birinci Qarabağ savaşı zamanı Azərbaycan tərəfindən əsir düşmüş şəxsləri də bu prinsipə daxil edirmi? Və yaxud da Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Bakının Rusiyanın Ermənistana silah satmayacağına ümid etməsi barədə bəyanatına fikir bildirən Mariya Zaxarova öz çıxışında belə dedi: "Biz bu barədə çox oxuyuruq və eşidirik, lakin diqqəti ona çəkmək istərdik ki, bu cür əlaqələr həm Ermənistan, həm də Azərbaycanla çoxdan mövcuddur. Eyni zamanda biz bölgədə güc nisbətinin qorunub saxlanmasının vacibliyini də nəzərə alırıq". Zaxarovanın fikirlərindən belə qənaətə gəlmək olar ki, Rusiya bilərəkdən regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bu, Rusiya tərəfindən atılan ilk addım deyil və son addım olduğunu da düşünmək çətin məsələdir. Belə qənaətə gəlmək olar ki, ümumiyyətlə, Rusiya bölgədə sülh və sabitliyin olmasının tərəfdarı deyil. Ümumiyyətlə, Rusiyanın əsas marağı bölgədə daimi münaqişənin qalmasıdır".

Politoloq vurğulayıb ki, Zaxarovanın açıqlamasında iki məsələ bir-biri ilə tamamilə ziddiyyət təşkil edir:

“Birincisi, Zaxarova açıqlayır ki, rus sülhməramlılarını hər iki ölkə, hər iki tərəf istəyir və onların varlığı regionda sülhün, sabitliyin qorunmasına töhfə verir. Məsələ ondadır ki, Azərbaycan rus sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını və məsələnin birdəfəlik həllinə nail olmaq istəyir. Ona görə də həm Müdafiə Nazirliyinin, həm Xarici İşlər Nazirliyinin, digər aidiyyəti qurumların verdiyi açıqlamalarda da müvəqqəti dislokasiya olunmuş yəni müvəqqəti yerləşdirilmiş rus sülhməramlılar ifadəsi işlənir. O deməkdir ki, yəni o qüvvələr o ərazidə müvəqqətidir. Digər tərəfdən isə Zaxarova silah satılması ilə bağlı fikrini ifadə edən zaman deyib ki, “biz burda balans yaratmaq istəyirik”. Bu zaman sual oluna bilər. Əgər Mariya Zaxarova düşünürsə, ki, həm Ermənistana silah verməyə, həm Azərbaycana silah satmaq balansı yaradırsa, bu artıq bir də münaqişənin alovlanması deməkdir. Çünki silah verirsənsə, demək, tərəfləri döyüşə hazırlaşdırırsan. Bu da artıq Rusiyanın qeyri-stabilliyin olmasının tərəfdarı olduğuna işarədir. Görünən odur ki, Rusiya ənənəvi siyasətindən əl çəkmək istəmir. Atdığı addımların əsas məqsədi Cənubi Qafqazda qeyri-stabilliyi davam etdirərək, hərbi varlığını qoruyub saxlamaqdır. Düşünmürəm ki, bu verilən açıqlamalar tam şəkildə yerinə yetiriləcək. Çünki əgər Rusiya tərəfinin atdığı addımlar bu cür davam edərsə və təxribatçı fikirlər, ifadələr səslənərsə, Rusiya ordusunun regionda uzunmüddətli qalması prosesi o qədər də inandırıcı görünmür".