“Taliban Əfqanıstanda terrorun yayılmasına imkan verməyəcəyi vədini versə də, Moskva və Vaşinqtondan gələn açıqlamalar diqqət çəkir”.
Bunu “Sherg.az”a siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik vurğulayıb ki, Taliban aprel-iyun ayları ərzində Əfqanıstanda Əl-Qaidə üçün sığınacaq təmin etməyə davam edib. Əl-Qaidə ilə Taliban arasında münasibətlər qalmaqdadır:
“İstisna deyil ki, Baydenin Əfqanıstandan çıxmaq qərarına qarşı çıxan Pentaqon Konqresə təqdim etdiyi bu hesabatla mövqeyini gücləndirmək istəyir. Baydenin “Suriya və Şərqi Afrikada terror təhdid Əfqanıstandan daha ciddidir” açıqlaması da Vaşinqtonda fikir ayrılığını göstərir. Lakin ABŞ-ın Əfqanıstandan çıxmağının arxasındakı mümkün planlar Taliban-Əl-Qaidə ittifaqının gündəmə gətirilməsinin hədəfini anlamağa imkan verir. Talibanın hakimiyyətə gəlişindən sonra Qərb mediasının Əfqanıstanla bağlı xəbər lentinin motivləri də bu kontekstdə təsadüfi deyil. ABŞ Əfqanıstanda və Əfqanıstan üzərindən bölgədə xaosun inkişaf etməsində maraqlıdır”.
A.Nərimanlıya görə, Moskva artıq “təhlükə zəngini” çalır:
“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyir ki, Əfqanıstandakı terror təşkilatları gələcəkdə Mərkəzi Asiyaya, Çinin Sintzyan bölgəsinə, İranın şimalına və Hindistana yönələ bilər. Rusiyanın hədəfi məlumdur: Mərkəzi Asiyanı “xarici təhlükə” qarşısında öz çətiri altında birləşməsini sıxlaşdırmaq və Orta Dəhliz üzərində qeyri-sabitliyə nail olmaq. Burada Moskva və Vaşinqtonun maraqlarının uzlaşdığı məqamlar da var. Talibanın irəliləməsinin Bayden-Putin görüşündən sonra sürətləndiyi də diqqətdən qaçmamalıdır”.