Ukrayna müharibə ritorikasını gücləndirir:“Rusiyaya qarşı beynəlxalq koalisiya...”

Bu gün Ukraynanın müstəqilliyini elan etməsindən 30 il ötür. Azərbaycan bütün məsələlərdə və sahələrdə Ukraynanın mövqelərini dəstəkləməkdə maraqlıdır.  Məlumdur ki, ölkəmiz Ukrayna ilə oxşar taleyi yaşayıb, işğala məruz qalıb. Azərbaycan Ukraynanın müstəqilliyini tanıyan dövlətlərdən biridir.
 “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu Azərbaycan və Ukraynanın oxşar taleyi barədə fikirlərini “Sherg.az”la bölüşüb:

 “Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edib. Krım və Şərqi Ukraynanı ələ keçirib. Kremlin Krımı işğalı yerli xalqın - Krım türklərinin təqib dalğasına səbəb oldu. 26 aprel 2016-cı il tarixində Rusiya tərəfindən işğal olunmuş Krım Ali Məhkəməsi Krım tatarlarının nümayəndə orqanının - Məclisin fəaliyyətini qadağan etdi.

Bu qərarla RF İrqi diskriminasiyasının bütün növlərinin ləğv edilməsi haqqında beynəlxalq konvensiya, İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, BMT-nin yerli xalqların hüquqları haqqında Deklarasiyasını pozub. Kreml anlayır ki, özünü “tələyə” salıb. Odur ki, vəziyyətdən çıxış yolu axtarır.

Rusiya onu da dərk edir ki, Qara dənizdə böyük savaş başlayarsa, Moskva üçün xoş nəticələr olmaya bilər. Birləşmiş Ştatlar da savaşda maraqlı deyil. ABŞ hərbi gəmilərinin Qara Dənizə girişinin təxirə salınması Ukraynada böyük müharibənin başlanacağı ehtimalını azaldır.

Lakin Vaşinqton və Moskva arasında olan fikir ayrılıqlarının tam aradan qalxdığını demək doğru olmaz. Vaşinqton Rusiyada həbs olunan müxalifətçi Aleksey Navalnının taleyindən narahatlığını dilə gətirir və Ukraynaya münasibətdə işğalçı siyasətdən əl çəkməyə çağırırmaqla yanaşı, yeni sanksiyalarla hədələməyi də unutmur.

Hadisələrin təhlilindən belə qənaətə gəlmək olar ki, Ukrayna ilə bağlı gərginliyin yaradılması əslində Moskvanın Ağ evdəki yeni administrasiyası ilə öz maraqlarına uyğun münasibət qurmaq üçün təzyiq vasitəsidir. ABŞ prezidenti Co Baydenin Putini dialoqa dəvət etməsi indiki halda Vaşinqtonun bu təzyiq qarşısında geri çəkildiyinin göstəricisidir,sanksiyalar isə yeni prezidentin seçkiqabağı kampaniya ərzində verdiyi “Rusiyanı cəzalandırmaq” vədini tutduğunu nümayiş etdirmək üçün daxili auditoriyaya hesablanmış addımdır.

Təbii ki, Rusiya bunu anlayır. Baydenin Barak Obama dövründə vitse-prezident vəzifəsində çalışdığını nəzərə alsaq, elə Obama dövrünün siyasi xəttinə sadiq qalacağını ehtimal etmək olar.

Bu nöqteyi-nəzərdən, həmçinin, ümumiyyətlə, demokratların xarici siyasətdə aktiv hərbi müdaxilə tərəfdarı olmamalarını əsas gətirərək, deyə bilərik ki, Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlanacağı az ehtimal olunur. Lakin demokratların hakimiyyəti dövrü “məxməri inqilab”larla yadda qaldığı üçün, Putin hökumətinin narahat olmasına kifayət qədər əsas var və müxalifətçi Navalnının həbsi mümkün inqilab ssenarilərinin reallaşmasının qabağını əvvəlcədən almaq məqsədi daşıyır”.



Analitik vurğulayıb ki, Ukraynada müharibə ritorikasının güclənməsində maraqlı olan prezident Zelenski Krım və Donbas ərazilərinin azad ediləcəyi ilə bağlı bəyanatlar səsləndirməklə, bir tərəfdən düşməkdə olan siyasi reytinqini bərpa edir, digər tərəfdən Rusiyanın mümkün hərbi müdaxiləsindən sığortalanmaq üçün beynəlxalq koalisiyanın yaradılmasına çalışır:

“Türkiyə prezidenti ilə görüş və Ərdoğanın “Krım platforması”nı dəstəkləməsi Zelenski üçün Rusiyaya qarşı növbəti güclü dəstək qazanması anlamına gəlir. Azərbaycana gəldikdə isə, prezident İlham Əliyev ölkəmizin Ukrayna kimi ABŞ, Rusiya və Türkiyə arasında çəkişmə predmetinə çevrilməsinə imkan verməmək üçün bütün gərəkli siyasi gedişləri həyata keçirməkdədir.

Bu mənada, Azərbaycan üçün ən təhlükəli vəziyyət Moskvanın ABŞ-a təzyiq vasitəsi kimi bölgədəki münaqişəni alovlandırmaq istəyinə düşməsi ola bilər. Rusiya üçün ən təhlükəli məqam isə, Azərbaycanın Ukrayna və Türkiyə ilə birgə ona qarşı hansısa koalisiyada birləşməsi ehtimalıdır. Bakı bunu etmək istəmir. Lakin Moskva Azərbaycana təzyiqlərini artırsa, biz bu barədə ciddi düşünə bilərik”.