Ermənistanda siyasi, iqtisadi kollaps:“Sərhəd kəndlər boşalır”

Erməni siyasi şərhçi Tevos Arşakyan ölkə daxilindəki vəziyyət barədə danışıb. O, bildirib ki, Ermənistan və erməni xalqına artıq heç nə kömək edə bilməyəcək: "Hazırda Ermənistan cəmiyyətində ailə qurmaq, hətta dünyaya uşaq gətirmək istəyən gənclər yoxdur. Bizim hakimiyyət isə 3 uşağa görə 100 dollar söz verir. Bu, gülməlidir. Ümumiyyətlə, indi bizim gəncləri nə nikah, nə ailə, nə də uşaq düşündürür. Onları yalnız tezliklə Ermənistandan qaçıb getmək düşündürür”.

 “Son 4 ay ərzində tanıdığım onlarla ailə Ermənistanı tərk edib. Cavan oğlanlar və qızlar... Azərbaycanla sərhəddə olan bütöv kəndlərimiz boşalıb. Oranın sakinləri qaçıb Rusiyaya gediblər. Gənc ermənilər Rusiyada öz ailələrini quracaqlar. Ermənistanda iş yox, heç bir perspektiv yoxdur. Gənclər buradan başlarını götürüb qaçırlar. Hökumət isə yaxın illər üçün Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün strategiyadan danışır. Bu, absurddur", - deyə ekspert qeyd edib.

 O, həmçinin Azərbaycanla həmsərhəd olan erməni kəndlərinin praktiki olaraq boş qaldığına dair sübutlar da təqdim edir:

 "Hamı evlərini qoyub çıxıb gedir. İnsanlar istəmirlər ki, oğulları müharibədə həlak olsunlar. Bu kəndlərin sakinləri bizdən çox şey bilirlər və onlar başa düşürlər ki, bütün bu ərazilər Azərbaycan tərəfinə veriləcək".
  
Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında Arşakyanın fikirlərinə münasibət bildirdi: 

“Əvvəla onu deyim ki, bu cür fikirlərin dəqiqliyinə inanmaq doğru deyil. Həmin sözlər hansısa qrupların maraqlarına xidmət edə, manipulyasiya məqsədli də ola bilər. Doğrudur, gərginlik olan kəndlər boşalır. Lakin ermənilərin bütün kəndlərdən çıxdığına inanmıram. Çünki qaçmağa yerləri yoxdur. Dövlət onların təhlükəsizliyinə təminat vermir. Xalq hökumətə etibar etmir. Müharibə ehtimalı az deyil. İkinci Qarabağ müharibəsi də göstərdi ki, hakimiyyət camaatın maraqlarına uyğun davranmır. Bu mənada sözügedən açıqlama daha çox erməni xalqının hakimiyyətə olan münasibətini göstərir”.