“O, zamanın Azərbaycan türklərinin xeyrinə işlədiyini, gec-tez bütün imperiyalar kimi, İran və Rusiyanın da dağılacağını müşahidə edir”
“Səslənən fikirlər isə Jirinovskinin və onun kimilərinin uzaqgörünlüyünə yox, Azərbaycanın mübarizliyinə dəlalət edir”
Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni qalmaqallı açıqlama verib. Jirinovski 2030-cu ildə Yaxın Şərqin siyasi xəritəsinin kəskin dəyişəcəyini söyləyib. O, İranın parçalanacağını və ölkənin şimalında Azərbaycan dövlətinin yaranacağını proqnozlaşdırıb.
"İran dövləti dağılacaq. Onun yerində İran Azərbaycanı, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq".
Siyasətçi Yaxın Şərqdəki dəyişikliklərin İsrailin təşəbbüsü ilə baş tutacağını da sözlərinə əlavə edib.
Milli Dirçəliş Hərəkatı partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bu barədə “Sherg.az”a danışdı:
“Jirinovskinin nə deməsindən asılı olmayaraq, Azərbaycan bölündüyü gündən etibarən öz haqlı mübarizəsini aparır. Bizim davamız tarixi, ədalətli status-kvonun bərpası ilə bağlıdır. Tarixən mübarizə aparmışıq- Səttarxan, Pişəvəri, Şeyx Xiyabani…hərəkatları olub. Bu gün də yolumuzdan dönmürük və rus siyasətçi də hər şeyi müşahidə edir. O, zamanın Azərbaycan türklərinin xeyrinə işlədiyini, gec-tez bütün imperiyalar kimi, İran və Rusiyanın da dağılacağını görür. Azərbaycanın suverenliyi nə vaxtsa cənubda da bərpa olunacaq. Səslənən fikirlər isə Jirinovskinin və onun kimilərinin uzaqgörünlüyünə yox, Azərbaycanın mübarizliyinə dəlalət edir”.