Qarabağda Rusiyanın 50 metrlik bayrağı ucalıb. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb. Xəbərdə bildirilir ki, hər il avqustun 22-də Rusiya bazasında Rusiya Federasiyasının Dövlət Bayrağı Günü qeyd edilir. Bu münasibətlə rus sülhməramlılarının Qarabağda yerləşən hissəsində bayram tədbiri keçirilib. Mərasimdə sülhməramlı kontingentin hərbi qulluqçuları və könüllülər iştirak ediblər. Rusiya sülhməramlı dəstəsinin komandir müavini general-mayor Oleq Yeqorov, Biz Birik ”layihəsinin rəhbəri Armen Gülnazarov çıxış edərək rus sülhməramlı hərbiçiləri təbrik edib
Xatırladaq ki, Rusiya Federasiyasının bayrağı sülhməramlı kontingentin daimi yerləşdirilən nöqtəsindədir və hündürlüyü 50 metr, eni 5 metrdir.
Mövzu barədə “Sherg.az”a danışan hərbi jurnalist Asəf Quliyev bildirib ki, ümumiyyətlə, 44 günlük müharibənin Azərbaycanın maraqlarına uyğun olmayan yeganə nəticəsi Rusiya sülhməramlı kontingentinin Qarabağa yeridilməsi idi:
“Rus sülhməramlılarının Qarabağ ərazisində fəaliyyəti sözsüz ki, Azərbaycanı qane edə bilməz. Mənim qənaətim ilk gündən budur ki, Rusiya ordusu iki xalq və iki dövlət arasında sülh yaratmağa yox, iki xalq və iki dövlət arasında uçurumu dərinləşdirməyə xidmət edir. Bu isə münaqişənin həllini yox uzadılmasını şərtləndirir. Bizə və Ermənistana isə münaqişənin həlli lazımdır”.
A.Quliyev qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin kökündə Azərbaycana yox, Ermənistanın hazırkı hökumətinə təzyiq etmək dayanır:
“Baş verənlərin məntiqi yekunu insanları Paşinyandan incik salmaqdır. Sual yarana bilər ki, Rusiya bayrağının açılmasının Paşinyanın gözdən salınmasına nə dəxli var? Cavab çox sadədir. Rusiya göstərmək istəyir ki, onlar Dağlıq Qarabağdakı erməniləri qorumaq məqsədi ilə hətta Azrbaycanı qıcıqlandıracaq addımlar da atırlar. Paşinyan isə Rusiyaya qarşıdır. Sadə erməninin beynində belə bir təzadlı sual yaranır – Niyə Paşinyan bizi qoruyana qarşı çıxır? Demək xaindir!.
Sözsüz ki, Kremlin marağı nə olur olsun Rusiyanın bayraq gününün Qarabağda belə təmtəraqlı qeyd olunması Azərbaycanın maraqlarına xidmət etmir. Buna diplomatik tərzdə cavab verilməlidir”.