İsrailin Baş naziri Naftali Bennett “The New York Times” qəzetinə verdiyi müsahibə zamanı deyib ki, İsrail İranın bölgədəki təsirini zəiflətmək məqsədi ilə ərəb ölkələrindən ibarət koalisiya yaratmaq niyyətindədir. Baş nazirin sözlərinə görə, o, sabah Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşdə bu mövzuya dair yeni strateji baxışlarını təqdim edəcək.
Naftali Bennett öz müsahibəsində bildirib ki, onların məqsədi İsraillə birlikdə İranın ekspansiyasına cavab vermək iqtidarında olan və bu ekspansiyanı bloklayacaq ərəb ölkələrindən ibarət rasional koalisiyanı yaratmaqdır. Lakin İsrailin baş naziri bu planların təfərrüatına varmayıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İsrail baş nazirinin fikirlərini “Sherg.az”a şərh etdi:
“Əvvəla, onu deyim ki, bu, yeni ideya deyil. Əvvəllər də oxşar koalisiyalar yaratmaq istiqamətində cəhdlər olub. Əfqanıstandakı yeni hakimiyyət İranla birləşib İsrailə təhdid yarada bilər. İsrail öz təhlükəsizliyini təmin etməkdən ötrü elə bir birləşmədə maraqlıdır.
Bu, daha çox ərəb ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Mərakeşlə münasibətlərdən asılıdır. Təmaslar yaxşı olsa, belə bir layihə gerçəkləşə bilər. Əslində indi qarşılıqlı münasibətlər daha yaxşıdır. Əvvəl belə deyildi.
Görünür, Naftali Bennat da sözügedən bəyanatı səsləndirərkən hazırkı vəziyyəti nəzərə alıb”.