Ermənistan parlamentində dava:“Böhran daha da dərinləşəcək”

“Nəhayət regionda Ermənistan adlı dövlət olmayacaq”

Ermənistan parlamentində dava düşüb, millət vəkilləri bir-birinə butulka atmağa başlayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Hayk Sarkisyan (xalq arasında “butulka daşıyan” kimi daha çox tanınan) deyib ki, vəzifədə olduqları dövrdə pul və ya zənglə ordudan yayınmanın mümkün olduğu bütün müdafiə nazirləri vətən xainidir.

 Hayk Sarkisyan inqilab zamanı Nikol Paşinyanın yanında onun üçün butulka tutaraq su daşıdığına görə “sudaşıyan” ləqəbini qazanıb.
Onun bu sözlərindən sonra, keçmiş müdafiə naziri Seyran Ohanyanla arasında dava başlayıb.
Sarkisyana butulka atılıb, bundan sonra müxalifətçilər və “Vətəndaş müqaviləsi”nin deputatları “butulka müharibəsi”nə başlayıblar.

 
Xatırladaq ki, ötən gün də Ermənistan parlamentində kütləvi dava baş vermişdi.

 AĞ Partiya başqanı Tural Abbaslı baş verənləri “Sherg.az”a şərh edib.

 Onun sözlərinə görə, Ermənistan daha çox əfsanələr və nağıllar, əlçatmaz ideyalar əsasında qurulan bir ölkə olub:

“Məsələn, “Böyük Ermənistan” xülyası ilə yaşayırdılar. Ancaq 44 günlük müharibədə bu nağıl və əfsanələr dağıldı. Erməni siyasətçiləri gördülər ki, özləri-özlərini aldadırmış. Ona görə də Azərbaycanla qarşıdurmada məğlub oldular. Bu dəqiqə Ermənistan siyasətçiləri idealoji bir boşluq yaşayırlar. Yəni illərdir onları ayaqda saxlayan diasporları, daxildəki siyasi partiyalarını irəli aparan idealoji əsaslar sarsılaraq aradan qalxıb. Onlar nəinki “Böyük Ermənistan”ı, hazırkı sərhədlərini belə qoruya bilmədikləri reallığını dərk etdilər. Bunun da yaratdığı siyasi-psixoloji gərginlik hazırda Ermənistanda hökm sürür. Əslində parlamentdəki qarşıdurmaların hamısı xəyal qırıqlığından irəli gəlir. Çalışmalıyıq ki, bu qarşıdurmalar daha da dərinləşsin. İmkan vermək olmaz ki, yenidən toparlanaraq nağıllar uydurub, yeni hədəfləri qarşılarına qoysunlar. Rusiya və Fransa kimi dövlətlər də onlara dəstək verib yenidən regionda ermənilərdən bir maşa kimi istifadə etsin”.

 T.Abbaslının qənaətincə, Azərbaycan dövləti olaraq Ermənistandakı siyasi-psixoloji  basqını daha da artırmalıyıq:

 “Artıq ermənilər nəinki Qarabağı, Zəngəzuru düşünür, hətta Ermənistan dövlətinin ayaqda qalıb-qalmayacağına şübhə ilə yanaşırlar. Bu gün müxtəlif sorğulara baxsaq, sadə erməni vətəndaşları deyirlər ki-“dövlətin gələcəyi ilə bağlı tərəddüdlərimiz var”. Parlamentdəki siyasi partiyaların qarşıdurması, yumruq-təpik savaşı-bütün bunların hamısı şüuraltı olaraq psixoloji və idealoji boşluğun nəticəsidir. Doğru siyasət yürütsək və ermənilərə yenidən dirçəlmək üçün bəhanələr verməsək, bu böhran daha da dərinləşəcək. Nəhayət regionda Ermənistan adlı dövlət olmayacaq”.