Son günlər Ermənistan parlamentində yaşanan mübahisələr ölkənin siyasi arenasındakı parçalanmadan xəbər verir. Rəsmi İrəvan İkinci Qarabağ savaşındakı məğlubiyyətin acı nəticələrini hələ də yaşamaqdadır. Deputatların parlamentdə əlbəyaxa davaya çıxması isə erməni siyasətçilərinin psixoloji baxımdan sarsıldığını göstərir. Xatırladaq ki, ötən gün də Ermənistan parlamentində dava düşüb, millət vəkilləri bir-birinə butulka atmağa başlayıb. “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Hayk Sarkisyan deyib ki, vəzifədə olduqları dövrdə pul və ya zənglə ordudan yayınmanın mümkün olduğu bütün müdafiə nazirləri vətən xainidir. Onun bu sözlərindən sonra, keçmiş müdafiə naziri Seyran Ohanyanla arasında dava başlayıb. Sarkisyana butulka atılıb, bundan sonra müxalifətçilər və “Vətəndaş müqaviləsi”nin deputatları “butulka müharibəsi”nə başlayıblar.
44 günlük müharibə “Böyük Ermənistan” və güclü ordu mifini darmadağın etdi. Məhz erməni deputatlarının da illərdir bu xülyalarla yaşadığını nəzərə alsaq, indi çox böyük xəyal qırıqlığında olduqlarını deyə bilərik. Beləliklə, erməni siyasətçilərinin bir-birinə olan rəftarı ölkənin daxilindəki parçalanmanı sürətləndirir.
Siyasi şərhçi, jurnalist Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Ermənistandakı cari ictimai-siyasi vəziyyət əvvəlki hakimiyyətlərin işğalçı siyasətinin və idarəetmədəki biabırçı əməllərinin məntiqi davamıdır:
“Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Ermənistanda ehtiyatda qalaraq mürgü vuran qüvvələr də canlandılar, hansı ki, onlar ölkə daxilindəki siyasi tərəflərə aşırı simpatiyaları ilə də seçilmirdilər.
Azərbaycanın qələbəsi Ermənistanın özü haqqında yaratdığı məğlubedilməz mifini darmadağın etdi, bu isə erməni ictimai psixologiyasına ağır zərbə idi, bu yaranın sağalması mümkün deyil. Azərbaycanın qələbəsi və bundan sonra mütləq qələbə, bir az da dəqiq ifadə etsək, sülh müqaviləsinin bağlanması üçün atdığı addımlar – istər hərb meydanında, istər sərhəd məsələsində, istərsə də diplomatiyada – erməni ictimai-siyasi dairələri üçün ikinci dalğa zərbədir.
Müharibədə məğlubiyyət hamını xain axtarışına çıxmağa sövq edir, tərəflər bir-birini ittiham edir. Çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan hökuməti erməni xalqını sakitləşdirmək üçün sarı simə toxunur, arada arxivdə eşələnərək “Dağlıq Qarabağ”dan danışır, arada da “status” məsələsini vurğu edir. Lakin o, gözəl başa düşür ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın məkrli siyasətinin qol-qanad açmasına imkan verən deyil. Bir mənada Paşinyanın etdiklərini daxili auditoriya üçün sakitləşdirici həb kimi dəyərləndirmək olar.
Bir ordunun dirçəlməsi üçün şəxsi heyət arasında psixoloji hazırlıq səviyyəsi gücləndirilməli, ordu müasir silahlarla təchiz edilməlidir. Ancaq hərbi-siyasi üfüqün perspektivində Ermənistanın bu imkanlardan məhrum olduğunu söyləmək üçün ciddi əsaslar var. Birincisi, Ermənistan silahın əksəriyyətini Rusiyadan idxal edir, onun alternativ bazar imkanları olduqda zəifdir. İkincisi, Ermənistan işğalçılıq niyyətindən əl çəkmədiyinə görə, beynəlxalq aləmdə həlledici dəstək qazana bilmir, ona havadar olanlar isə praktiki yardım məsələsinə gəldikdə axsaqlıq nümayiş etdirirlər. Üçüncüsü, Ermənistan ordusunda psixoloji, döyüş hazırlığı səviyyəsi müharibədən sonra daha da bərbad hala düşüb”.
A.Kərimov vurğulayıb ki, indi Ermənistan ordusu üçün sadəcə “Yaşma”nın adını, “Bayraktar”ın səmada bərq vurmasını eşitmək kifayətdir ki, qaçsın:
“Ermənistan onu da gözəl anlayır ki, Azərbaycanda döyüşə hazır, Ali Baş Komandanın əmrini gözləyən ehtiyatda olan hərbi qulluqçular var. Qələbənin qazanılmasında onların da böyük rolu olmuşdu.
Müharibədən sonra da Azərbaycan hərb sahəsində hər gün inkişaf edir, işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr açılır, Ermənistanla dövlət sərhədində güclü atışmalar olmadan, hətta sillə-təpiklə delimitasiya işləri həyata keçirir. Bəs Ermənistanda vəziyyət necədir? Acınacaqlı. Ordu müharibədən sonra komplektləşə bilmir, hərbiyə yararlı gənclər ölkəni tərk edir. Vəziyyət o yerə çatıb ki, Paşinyan demoqrafik vəziyyətin tələbi olaraq qadınların hərbi xidmət keçməsini məqbul sayır.
Ermənistanın revanşizmini qidalandıran amillər isə onun güvəndiyi bir-iki xarici dəstəkdir, lakin bu, həlledici və dönüş nöqtəsi yaratmağa qadir deyil”.