“Hamı münaqişənin bitdiyini anlayır. Və dediklərimin hər biri beynəlxalq hüquqla təsdiqlənir”
“Fikrimcə, Ermənistan yaxın vaxtda revanşist ideyalarına son qoymağa məcbur olacaq”
“İrəvan qonşularına qarşı əməkdaşlıq yolunu tutmalıdır. Əks halda xəritədən silinə bilər”
Cənubi Qafqaz tarixinin britaniyalı tədqiqatçısı Tomas de Vaal “Azadlıq” radiosunun erməni bürosuna müsahibə verib. Vaal bildirib ki, Paşinyanın Azərbaycanın basqısı altında Zəngəzur və Göyçədə yaşadığı problemlər onu Qarabağ haqda düşünməkdən vaz keçməyə məcbur edir.
O, həmçinin bildirib ki, Azərbaycan tərəfi Ermənistanın Qarabağa təsirini tədricən zəiflətməyə çalışır: “Azərbaycan Ermənistanın özünə təzyiq göstərərək Paşinyanın diqqətini Qarabağa deyil, Ermənistana yönəltməyə sövq edir. Düşünürəm ki, bu strategiya artıq uğur qazanıb”.
Millət vəkili, Azərbaycan Demoktatik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Azərbaycan BMT-nin dörd qətnaməsinin şərtlərini özü icra etdi. “Dağlıq Qarabağ” ifadəsi artıq dünya leksikonundan çıxıb. Fikrimcə, Ermənistan yaxın vaxtda revanşist ideyalarına son qoymağa məcbur olacaq. İrəvan qonşularına qarşı əməkdaşlıq yolunu tutmalıdır. Əks halda xəritədən silinə bilər. Dünya da münaqişənin bitdiyini anlayır. Və dediklərimin hər biri beynəlxalq hüquqla təsdiqlənir”.
Mollazadə Zəngəzur və Göyçənin gələcək taleyindən də söz açdı:
“Yaxın gələcəkdə “düyünün çözülməyəcəyini”, ciddi problemlərin olacağını düşünürəm. Normal münasibətlər formalaşandan sonra azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq imkanları olacaq. Rəsmi Bakı müharibə yox, regionda sülh, əməkdaşlıq istəyir. Sərhədlər müəyyənləşəndən, yekun sülh müqaviləsi imzalanandan sonra münasibətlər normallaşacaq”.