Bayramovla Abdullahiyan nəyi müzakirə ediblər?- ŞƏRH

Dünən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub. C. Bayramov iranlı həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
C.Bayramov Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb. Nazir iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. C.Bayramov iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Məlum telefon danışığını “Sherg.az”a dəyərləndirən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-İran əlaqələrinin geniş olduğunu bildirib:

“O cümlədən Qarabağ zonasına aid bəzi məsələlər var. Ona görə də tərəflərin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparması normaldır. Hüseyn Əmir Abdullahiyan xarici işlər naziri vəzifəsinə yeni təyin olunub. İki ölkə arasında əlaqələrin qurulması, həmçinin nazirlərin şəxsi münasibətinin olması əsas məsələlərdən biridir. Əminəm ki, bu istiqamətdə də danışıqlar baş tutub”.