Ancaq indiki vəziyyətdə Azərbaycan, Ermənistan və Gürcüstan əməkdaşlığı baş tutan deyil
"Belə təklif nə qədər cəlbedici, xoş olsa da həyata keçirmə ehtimalı sıfıra bərabərdir. Yenidən Azərbaycan vaxt itirə bilər"
ATƏT-in sədri Ann Linde İllik Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir. 2020-ci ildə əldə olunan atəşkəsin İkinci Qarabağ savaşına son qoyduğunu qeyd edən Linde, ATƏT-in bu bölgədəki səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməli olduğuna əminliyini ifadə edib. Onun sözlərinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir. Bu üç ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Linde qeyd edib ki, əməkdaşlıq sahələri infrastruktur, rabitə və ətraf mühit məsələlərini əhatə edə bilər.
İlk baxışdan ATƏT-in bu təklifinin cəlbedici göründüyünü vurğulayan siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, bu təklifin arxasında hansısa bir aysberqin görünməyən tərəfi var və onu müəyyən etmək bir qədər çətindir. Ekspertin sözlərinə görə, bu təklifin həyata keçməsi üçün isə Qafqazda şərait yoxdur:
"Birincisi, Qafqazın hər üç respublikası Rusiya tərəfindən həm siyasi, həm iqtisadi, həm də hərbi terrora məruz qalıb. İkincisi, burda Rusiyanın Ermənistan kimi xəyanətkar, ikiüzlü və çox xain bir ortağı var. Bu dövlətin əliylə həm Gürcüstana, həm Azərbaycana qarşı hər bir zaman istənilən xəyanət həyata keçirilə bilər.
Üçüncüsü, bu müddət ərzində ATƏT özünü münaqişələrin həll edilməsi məsələsində doğrultmayıb. Nə Azərbaycan, nə Gürcüstan ərazisindəki hadisələrin, daha doğrusu, Rusiyanın hərbi müdaxiləsinin qarşısını almayıb və yaxud da almaq istəməyib. Baxmayaraq ki, ATƏT-ə kifayət qədər güclü dövlətlər daxildir.
Amma bu dövlətlərin hamısı bu və ya digər formada pərdəarxası Rusiya ilə əlaqələrini saxlayır və öz iqtisadi maraqlarını təmin edirlər. Xanım Linde ATƏT-in yeni sədridir və o, bu, missiyanı üzərinə götürmək istəyir. Amma bu xanımın çiyinlərinin gücü çatası bir missiya deyil. Ona görə də belə təklif nə qədər cəlbedici, xoş olsa da həyata keçirmə ehtimalı sıfıra bərabərdir. Yenidən Azərbaycan vaxt itirə bilər".
C.Nuriyev diqqətə çatdırıb ki, o, Ermənistanın bu əməkdaşlığa gedəcəyinə inanmır:
"Ola bilər ki, Ermənistan üzdə Azərbaycanı təxribata çəkmək üçün əməkdaşlığa girsinlər. Amma belə götürəndə də Azərbaycan dövlətinin istər infrastruktur, istər rabitə, istərsə də ətraf mühitlə bağlı Gürcüstanla hər hansı bir problemi yoxdur. Və hər iki dövlətin çoxsaylı ortaq işləri var. Yaxşı olardı ki, xanım Linde bu barədə Ermənistana müraciət etsin və onların dəqiq razılığını alsın. Bəli, Azərbaycan infrastruktur açmaq, xüsusən də Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Bunu birgə biz həyata keçirə bilərik. Qarabağın ərazisində Azərbaycan necə ki, indi orda bərpa işləri aparıb, eyni işləri ermənilər yaşayan kəndlərdə, qəsəbələrdə də həyata keçirə bilər. Rabitə cəhətdən onlar Azərbaycana tabe olmaq haqqında müraciət etməlidirlər. Ermənilərin ətraf mühitə vurduğu ziyan göz qabağındadır. Bu gün də Ermənistanın ərazisindəki ən azı Qacaran mis-molibden məbədinin Araz çayına tökdüyü zəhərli maddələr bütün dünyaya məlumdur. Yəni bu sahədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəymiş ziyanla bağlı çoxsaylı müraciətlər verir və çoxsaylı təhlillər, analizlər aparıb. Bunların əvvəlcə bir nəticəsini görək, sonra xanım Lindenin bu təklifinə baxmaq və müzakirə etmək olar".