Ukrayna ən ağıllı yolu tutub


Kiyev milli maraqlarını və suverenliyini qorumaq üçün Qərbin ona dəstək mexanizmlərinin gücləndirilməsinə çalışır

"ABŞ-ın Avrasiyada təsir imkanlarını daha da gücləndirmək üçün işbirliyinə önəm verdiyi ölkələrdən biri Ukraynadır"


Xəbər verildiyi kimi, Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski və nümayəndə heyətləri arasında görüş keçirilib. İki saat davam edən görüşdə ölkələr arasında bir sıra sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. 

Mövzu ilə əlaqədar fikirlərini “Şərq”lə bölüşən politoloq Nurlan Qələndərli deyib ki, görüşdə müzakirə olunan məsələlər tərəflərin strateji əhəmiyyət kəsb edən müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını göstərir:

“Görünən odur ki, həm ABŞ, həm də Ukrayna yeni dönəmdə tərəfdaşlıqla bağlı strateji prioritetləri dəqiq müəyyənləşdiriblər. Bu kontekstdə bir sıra nüanslara xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, beynəlxalq münasibətlər sistemində geopolitik transformasiyanın müşahidə olunduğu indiki şəraitdə ABŞ-ın Avrasiyada təsir imkanlarını daha da gücləndirmək üçün işbirliyinə önəm verdiyi ölkələrdən biri Ukraynadır. Bu, təsadüfi deyil və konkret olaraq bir sıra mühüm geostrateji amillərlə şərtlənir. Birincisi, Ukrayna həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə olduqca perspektivli və faydalı tərəfdaşdır. İkincisi, Ukrayna ilə əməkdaşlıq Avrasiyanın “heratland” nöqtələrindən hesab olunan Şərqi Avropada, o cümlədən Qara dənizdə geoiqtisadi mövqeləri möhkəmləndirmək baxımından çox önəmlidir. Bu ölkə, eyni zamanda, Avropa üçün əks qütbdə yer alan regional geosiyasi rəqiblərdən “müdafiə səddi” olmaqla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də əhəmiyyətli ölkələrdən biridir. Bütövlükdə, bu və digər amillər indiki mərhələdə Ukrayna ilə qarşılıqlı faydalı işbirliyini gücləndirmək zərurəti yaradan strateji faktorlardır”.

N.Qələndərlinin sözlərinə görə, hazırda Ukrayna da Avroatlantik məkana inteqrasiya kursu çərçivəsində Qərb ilə, o cümlədən ABŞ-la əməkdaşlığa böyük önəm verir:

“Kiyev yeni mərhələdə Vaşinqtonla qarşılıqlı faydalı əməkdaşlığın  əhatə dairəsinin genişləndirilməsini həm siyasi, həm də iqtisadi dividendlər qazanmaq üçün vacib faktor hesab edir. Xüsusilə də, regional və milli təhlükəsizlik məsələləri bu işbirliyində prioritet istiqamətlərdəndir. Ukrayna milli maraqlarını və suverenliyini qorumaq üçün Qərbin ona dəstək mexanizmlərinin gücləndirilməsinə çalışır. Məlumdur ki, bu dövlət Qərb ölkələrinin iqtisadi və hərbi cəhətdən yardım etdiyi dövlətlərin siyahısında ön sıralardadır.

Eyni zamanda, Polşanın, Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının üzvü olması Kiyevi Avropa İttifaqının "siyasi qonşu"suna çevirib. Ona görə də hazırkı mərhələdə Ukrayna ilə Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatlar arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın sabit davam etdirilməsinə regional və beynəlxalq əhəmiyyətli məsələ kimi nəzər salınır. Elə Qərb də mühüm geostrateji dividendlər qazanmaq üçün regionda bu ölkə ətrafında siyasi təhlükəsizlik çətiri formalaşdırır".

Politoloqun qənaətinə əsasən, qarşıdakı dövrdə Ukraynanın Qərb dövlətləri, o cümlədən ABŞ ilə regional miqyasda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri çərçivəsində diplomatik təmaslarının intensivləşəcəyi müşahidə olunacaq.