“...Azərbaycanlılar gec-tez öz yurdlarına qayıdacaq”
“Tezliklə görəcəyik ki, erməni xalqı Ermənistan adlı dövlətdən imtina edib”
“Çünki xalqın sosial-iqtisadi həyatı ilə maraqlanan heç bir qurum yoxdur. Ona görə də ermənilərin köç etməsi təbii haldır”
Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir. Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatları əsasında bəlli olur ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb.
Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub.
Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir. Zəngəzur vilayəti üçün bu göstərici təxminən əhalinin 0,5 faizindən çoxunu təşkil edir. Ermənistanın Azərbaycanla sərhəd Dilican (Tavuş) vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.
Mövcud durumu “Sherg.az”a şərh edən sabiq millət vəkili Həvva Məmmədova qeyd edib ki, ermənilər hələ də 44 günlük müharibənin acısını yaşamaqdadır. Onun sözlərinə görə, müharibə bitsə də “Dəmir yumruq” hələ də qüvvədədir:
“Azərbaycanda gedən quruculuq işləri, sosial-iqtisadi-siyasi vəziyyət, qəbul edilmiş “Şuşa bəyənnaməsi”- bütün bunlar Ermənistanda kritik vəziyyətin yaranmasına təkan verdi. Ermənistan müharibədən sonra hansısa bir təhlil aparmadı, ölkədəki əsgər anaları və itkiləri ilə maraqlanmadı. Artıq Xankəndidə 20-25-min əhalinin olduğundan danışılır, ancaq Ermənistan saxta statistika verirdi ki, guya Xankəndidə çox adam yaşayır. Ölkədə demoqrafik böhranın yaranmasına səbəb iqtisadi durumun ağır olması və kiminsə əhali ilə maraqlanmamasıdır. Beləliklə, bölgələrdə, həmçinin Zəngəzurda yaşayanlar görür ki, Ermənistan rəhbərliyi əhalinin yaşayışı ilə maraqlanmaq əvəzinə, revanşist fikirlər səsləndirir”.
H.Məmmədova vurğulayıb ki, ermənilərin tərk etdikləri ərazi Azərbaycanın tarixi torpaqlarıdır:
“1920-ci illərdə azərbaycanlılar həmin torpaqlardan zorla köçürülüb. O zaman xalqımız səsini dünyaya çatdıra bilmədi. Vətəndaşlarımız bu gün də həmin ərazilərin həsrəti ilə yaşayır. Zəngəzuru tərk edən ermənilər də bilirlər ki, azərbaycanlılar gec-tez öz yurdlarına qayıdacaq. Tezliklə görəcəyik ki, erməni xalqı Ermənistan adlı dövlətdən imtina edib. Çünki xalqın sosial-iqtisadi həyatı ilə maraqlanan heç bir qurum yoxdur. Ona görə də ermənilərin köç etməsi təbii haldır. Görürlər ki, Ermənistan bütün sahələrdə geriləyir. Ölkə rəhbərinin Zəngəzurda və digər yerlərdə yaşayan əhalinin görüşə getdiyinin şahidi olmamışıq. Ancaq Azərbaycan Prezidenti daimi olaraq xalqımızla görüşlər keçirir, quruculuq işləri ilə tanış olur. Bu gün Ermənistanın və erməni lobbisinin danışmağa “dili” yoxdur. Ona görə də tarixi Azərbaycan ərazilərində yaşayan ermənilərin köç etməsi gözləniləndir”.