“Türkiyə - Rusiya müttəfiqliyi ardıcıl ola bilməz, situativdir. Çünki fərqli arealların mədəniyyətləridir, sivilizasiyalardır”.
Bu sözləri Əfqanıstanda baş verən proseslərin qlobal siyasi mənzərəyə, o cümlədən Rusiya-Türkiyə münasibətlərinə təsiri barədə “Sherg.az”a danışan jurnalist, politoloq Anar Həsənov deyib.
O, qeyd edib ki, Rusiya – Türkiyə iqtisadi, siyasi, strateji maraqlarını nə qədər vurğulasan belə, 300 illik müharibə tarixi, onun ədəbiyyat, mədəniyyət, siyasət, məişətdəki təzahürü və ələxsüs din fərqi ziddiyyətlərə səbəb olur. Erməni icmasının destruktiv fəaliyyətini də unutmayaq. Odur ki, hazırkı Rusiya – Türkiyə yaxınlaşmasını ancaq zərurət doğurub. Həmin zərurəti bu gün iqtisadi maraqlar, Kreml – Qərb qarşıdurması diktə edir. Amma bu yaxınlaşmada daha vacib olan perspektivdir.
Söhbət Rusiyanın təhlükəsizliyindən gedir. Daha dəqiq desək, Çinin artan gücünü, iddialarını nəzərdə tuturam. Çin 2035- ci ilədək modern dövlət, 2050- yə qədərsə dünyanın ən güclü dövləti olmaq planını günbəgün gerçəkləşdirir. Bu, o deməkdir ki, Pekin Den Syaopin dövründə Çinin qlobal siyasətdə tutduğu “Güclü, ancaq mülayim” mövqeyindən uzaqlaşacaq. Bu günə kimi Çin onun maraqlarına zidd olmayan beynəlxalq məsələlərə müdaxilə etmir. Amma Çin arzusunu gerçəkləşdirəndən sonra qlobal Avropa dəyərlərini Çin dəyərləri ilə əvəz etmək fikrindədir. Pekində hesab edirlər ki, Konfutsi fəlsəfəsi üzərində qurulmuş Çin kommuntarizmi Avropanın liberal dəyərlərindən daha üstündür və dünyaya məhz Çin dəyərləri eksport edilməlidir. Amerika da, Avropa da Çindən uzaqdır.
Demoqrafik böhranla üzbəüz, ancaq qurunun 6/1 hissəsini tutan Rusiya ilə Çinin böyük sərhədi var. Rusiyaya qonşuluğunda iddiaları olan belə bir dövlətlə mümkün mübarizə üçün güclü müttəfiq lazımdır. Bu müttəfiq Çinlə tarixi qarşıdurması olan türk dünyası və həmin dünyanın lokomotivi Türkiyə ola bilər.
Bu baxımdan Rusiya Türkiyə ilə istənilən qarşıdurmanın həllinə çalışacaq. Bu arada erməni manelələri hədəfinə çatmayacaq. Hazırda ermənilər alət kimi istifadə edilmələrinə rəğmən, son anda itirən də onlar olur. İstər 1915-ci ildə, istərsə 1919-1921-ci illərdə ermənilər deportasiya edildi, ərazi iddiaları ilə bağlı xülyaları puç oldu. 1990-cı illərdə onlardan yenidən alət kimi istifadə edildi. Ancaq 30 il sonra yenə də Rusiya öz maraqlarına görə ermənilərin məğlubiyyətinə müdaxilə etmədi”.
Jurnalistin fikrincə, Əfqanıstanda baş verənlər Qarabağdakı proseslərə təsirsiz ötüşəcək:
“Taliblərin ölkə hüdudlarını aşacaq və qonşu dövlətləri işğal edəcək imkanları yoxdur. Bu mənada Rusiyanın “dalana dirənmiş” vəziyyətdə Qafqaz siyasətində dəyişiklik edəcəyi ağlabatan deyil. Rusiya üçün Qarabağ “rıçaqdır” və yaxud “rıçaqlardan” biridir. Bəziləri düşünürlər ki, Qarabağ ən vacib təzyiq vasitəsidir. Əslində belə deyil. Rusiyanın Azərbaycana münsibətdə Qarabağdan vacib təsir imkanları var. Qarabağda rus qoşunları olduğu müddətdə güc yolu ilə Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. Rus qoşunlarının həmin ərazidə qalma müddətinin uzadılma ehtimalı da var. Odur ki, Azərbaycan iqtidarı iqtisadi yolla Qarabağda hakimiyyətin bərpası yolunu tutub. Güc yolu ilə biz de-fakto idarə etmədiyimiz ərazidə kimisə zərərsizləşdirmək iqtidarında deyilik. Söhbət hərbi əməliyyatlardan gedir. Rusiyanı ərazidən çıxarmağa məcbur edəcək vəziyyəti də hələ ki, müşahidə etmirəm”.