“Moskvanın problemləri “başından aşır”, Pekin isə anlayır ki, kəskin münasibət mənfi nəticələrə səbəb ola bilər”
Taliban nümayəndəsi Zabiulla Mücahid Çini əsas beynəlxalq partnyor kimi gördüyünü deyib. O bildirib:“Çin bizim əsas tərəfdaşımızdır. Bu ölkə bizim üçün fundamental və müstəsna imkanlar təmin edir. Çin ölkəmizə investisiya qoymağa və onu yenidən qurmağa hazırdır”.
Həmçinin Taliban qruplaşması ölkənin Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə iştirakı məsələsinə aydınlıq gətirib. Taliban iştiraka davam edilməsi barədə mövqeyin arxasında olduğunu bəyan edib.
"Əfqanıstan Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə iştiraka davam edəcək", - bildirilib.
BDU-nun müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Sultan Zahidov bu barədə “Sherg.az”a danışarkən söyləyib ki, rəsmi Pekin Əfqanıstandakı yeni hakimiyyətə loyal münasibət göstərəcək:
“Çin bütün dövlətlərlə olduğu kimi, Əfqanıstanla da normal münasibətlərdə maraqlıdır. Sərt mövqe bu dövlətin xarici siyasətinə ziddir. Əksinə, “soft power”, yəni “yumşaq güc” siyasətindən istifadə edir. Bu mənada Çin Talibanla “dil tapmaq” tərəfdarıdır. Çin üçün əhəmiyyətli olan iqtisadi maraqlardır. Bildiyiniz kimi, Böyük ipək yolu həm də Əfqanıstandan keçir. Bu yolun təhlükəsizliyinə təminat verdikcə Əfqanıstanda kimin hakimiyyətə gələcəyinin Çin üçün fərqi yoxdur”.
S.Zahidov, həmçinin Rusiyanın Talibana olan münasibətindən söz açdı:
“Rusiya bu yeni hakimiyyəti terror qruplaşması hesab etsə də, Moskvada tərəflər arasında görüş oldu. Taliban Mərkəzi Asiyaya müdaxilə etməyəci ilə bağlı öhdəlik götürdü. Bunun qarşılığında Moskva söz verdi ki, ciddi addımlar atmayacaq. Doğrudur, həm Rusiya, həm də Çin fundamental islam təhdininin regionun başı üzərindəki “Demokl qılıncı” olduğunu bilir.
Lakin indi Əfqanıstana müdaxilə onların heç birinə sərf etmir. Moskvanın problemləri “başından aşır”, Pekin isə anlayır ki, kəskin münasibət mənfi nəticələrə səbəb ola bilər”.