“Azərbaycan və Türkiyə Qarabağda anti-terror əməliyyatlarına başlayarsa, Rusiya geri çəkilməli olacaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Partiya təmsilçisi qeyd edib ki, 10 noyabr bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq, Rusiya tərəfi situasiyanı gərginləşdirir. Bu da öz növbəsində, yeni lokal toqquşamlara yol açır:
“Həmçinin, “sülhməramlı” komandirləri Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadırlar. Rusiya bununla neytrallığını pozaraq birbaşa Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir. Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin, münaqişənin davam etdiyini göstərir. Rusiyanın bu siyasəti Azərbaycanın hərəkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimləri buna cavabdır və anti-terror əməliyyatlarını özündə ehtiva edir. Rusiyanın Qarabağa Abxaziyada separatizmə dəstək verən general Mixail Kosobokovu komandan təyin etməsi separatizminin dəstəklənməsidir. Düşünürəm ki, Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək”.
Analitikə görə, Rusiyanın bu fəaliyyəti Türkiyənin də regional siyasətini təhdid edir:
“Rusiya separatizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə xüsusi əməliyyatlarla bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi. Bu, Ankaranın Moskvaya cavab addımıdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Türkiyə bu addımı ilə geri çəkilməyəcəyini və daha da irəli gedəcəyi mesajını verdi. Baş verəcək problemlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq”.