Bir də tariximizdə qara səhifə olmayacaq
Qafqazda sabitliyi qorumağın yeganə yolu Türkiyə və Pakistanla yüksək səviyyəli hərbi ittifaq qurmaqdır
Azərbaycan-Türkiyə arasında “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimləri davam edir. Bəllidir ki, Azərbaycan Rusiya modelindən imtina edərək, NATO tipində ordu qurmaq kursu götürüb. Bu barədə Prezident aylar öncə bildirib. Türkiyə ilə ortaq təlimlərin əsas hədəfi əslində həm də budur. Bu cür təlimlər Azərbaycan ordusunun Türk-NATO modelinə keçidinə ciddi təsir göstərir. Hər iki ölkə liderlərinin qarşıya qoyduğu tələblər var ki, Türkiyə ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır.
Tarixi Şuşa Bəyannaməsinin imzalanması da buna hesablanıb. Aylardır Azərbaycan-Türkiyə arasında bütün qoşun növləri üzrə hərbi təlimlər keçirilir. Azərbaycan ordusu peşəkarlığını və təcrübəsini ilbəil artırır. Bu təcrübənin əldə edilməsində Türkiyə ordusu ilə birgə təlimlərin müstəsna əhəmiyyəti var.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etməsi günün tələbidir. Partiya təmsilçisinin sözlərinə görə, Azərbaycan regionda hərbi qüdrətini qoruyub saxlamaqla yanaşı onu daha da inkişaf etdirməlidir:
“Cənubi Qafqazda suların durulması üçün mütləq mənada sözümüzü deməliyik. Azərbaycan, Türkiyə və Pakistanla münasibətlərin yaxın gələcəkdə güclü hərbi ittifaqa çevriləcəyi şübhəsizdir. Bu birlik Yaxın Şərqdə və bütün Qafqazda sülhün təminatı olacaq. Qafqaz dünya güclərinin maraqlarının kəsişdiyi region olduğu üçün sabitliyin qorunması bölgə dövlətlərinin marağındadır. Bu birlik bölgəyə sülh gətirməklə yanaşı, Ermənistanın müstəqil dövlətə çevrilməsi üçün İrəvana şans yaradacaq. Sirr deyil ki, qardaşlıq münasibətləri son 500 ildə bölgə türklərinə qarşı birləşmiş Rusiya və İranı həddindən artıq narahat edir. Bu iki ölkə Qarabağ zəfərimizi möhkəmləndirmək istiqamətində atdığımız addımların qarşısına sədd çəkməyə çalışırlar. Onları zərərsizləşdirməyin yeganə yolu Türkiyə və Pakistanla yüksək səviyyəli hərbi ittifaq qurmaqdır. Dünyanın ən güclü quru və hava qoşunlarına sahib Türkiyə ilə, nüvə dövləti Pakistanla sıx birliyimiz mövcudluğumuzun qarantıdır. Tariximizdəki qara səhifələrin təkrar yazılmasına imkan verməməliyik. Əlbəttə, Moskva və Tehranla münasibətlərimizi davam etdirməliyik. Artıq Azərbaycan sözünü bütün müstəvilərdə açıq-aşkar deyə bilən güclü və qalib ölkədir”.
İsmayıl Qocayev