Gürcüstanın Ərdoğanın təklif etdiyi “altılıq platforması”nda yer alması mümkündür
“Regiondakı yeni reallıqlar və hadisələr nəzərə alındıqda effektiv əməkdaşlıq qonşu dövlətlərin təhlükəsizliyi, sabitliyi və davamlı inkişafı üçün yeganə yoldur”. Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə rəsmi səfərdə olan Türkiyənin Ədliyyə naziri Əbdülhəmit Gülü qəbul edərkən deyib. Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin Avro-Atlantik məkana inteqrasiyasına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib. Baş nazir Türkiyə və Gürcüstan arasında siyasi və iqtisadi əməkdaşlığın, eyni zamanda, Türkiyə ilə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu qeyd edib.
Son dövrlər Ankara-Tbilisi arasında rəsmi ziyarətlər intensivləşib. Xüsusən, 44 günlük müharibədən sonra Türkiyənin əməkdaşlığı sıxlaşdırdığı ölkələrdən biri qonşu Gürcüstandır. Gürcüstan rəhbərliyi və rəsmilər ümumi açıqlamalarda regional əməkdaşlıqda maraqlı olduqlarını bəyan edirlər. Məlum olduğu kimi Gürcüstanın Türkiyə və Azərbaycanla, eyni zamanda Ermənistan və İranla ayrı-ayrılıqda iqtisadi əlaqələri mövcuddur. Lakin Tbilisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəfə gündəmə gətirdiyi “altılıq platforması”na birmənalı yanaşması yoxdur. Bunun səbəbi isə “altılıq platforması”nda gürcü torpaqlarını işğal etmiş Rusiyanın da yer almasıdır.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mövqeyini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Züriyə Qarayeva deyib ki, Türkiyə Prezidenti Ərdoğan Cənubi Qafqazda sülh və əmin-amanlığa töhfə vermək üçün “altılıq platforması”nı təklif edib. Analitik vurğulayıb ki, region dövlətlərinin hər biri inteqrasiyadan məmnundur:
“Bölgədə sülhün deyil, əbədi münaqişə ocaqlarının qalmasından yana olan Rusiya məruz qaldığı sanksiyalar və pandemiya nəticəsində zəifləyən iqtisadiyyatını dirçəltmək üçün “altılıq platforma”ya qatılmaq məcburiyyətindədir. Moskvanın məqsədi həm də Ermənistanı öz orbitində saxlamaqdır. Təbii ki, burada Türkiyənin diktəedici aktor olması amili gözardı edilməməlidir. Gürcüstanın inteqrasiyanın tərəflərindən biri olması ən əsas Qərbin, ABŞ-ın maraqlarına uyğundur. Bölgədə münaqişə ocağının aradan qalxması isə hər nə qədər özünü “sülhməramlı” kimi göstərsə də, iki yüz ildir öz maraqları naminə hər əmələ baş vuran Rusiyanın mənafelərinə uyğun deyil. Dövlətlər arasında kommunikasiyanın bərpası və əməkdaşlığın güclənməsi maliyyə baxımından Moskvanı qane edir. Ancaq regional əməkdaşlıq gücləndikcə, Rusiya təzyiq rıçaqlarını itirmiş olacaq. Mina xəritələrinin dəyişdirilməsində Gürcüstanın iştirak etməsi Qərbin sülhdə maraqlı olduğunun göstəricisi sayılırdı. Avropa İttifaqı rəsmisi Şarl Mişelin Cənubi Qafqaza səfəri zamanı səsləndirdiyi bəyanatlar, infrastruktur layihələrinin icrası üçün maliyyə yardımları öhdəliyi də Avropanın bu əməkdaşlığın parçası olmaq yolunda canfəşanlığı idi. Avropa Birliyinin bölgədə ən yaxşı şəkildə maraqlarını ifadə edəcək dövlət isə Gürcüstandır. Aİ-nin formata iqtisadi tərəfdən daxil olması ilə Gürcüstan “altılıq platforması”nda özünə tərəfdaş qazanmış olacaq. Bu baxımdan düşünürəm ki, Gürcüstanın Ərdoğanın təklif etdiyi platformada yer alması mümkündür”.
Z.Qarayevaya görə, platformaya qoşulma ehtimalının az olduğu düşünülən Ermənistan belə artıq sülh çağırışlarına adekvat reaksiya verir:
“Ermənistanın düçar olduğu ağır siyasi, iqtisadi, sosial vəziyyət bu ölkə üçün sülh və inteqrasiya meyillərini qaçılmaz edir. Azərbaycanın yaratdığı geosiyasi reallıqlar və qalib tərəf olaraq şərtləri diktə etməsi amili də burada keçərlidir. Son təxribatlardan sonra Gorus-Qafan yolunun bağlanması, gömrük və vergi rüsumunun tətbiq edilməsi, bunların fonunda Paşinyanın siyasi ritorikasında dəyişiklik əbəs deyil. Yalnız hakimiyyət deyil, xalq da revanşist qrupların fəaliyyətinin Ermənistanda vətəndaş qarşıdurması yaradacağını gözəl dərk edir. İrana gəldikdə isə, Tehran bu platformada ABŞ-ın aparıcı rol almamasından məmnundur. Amma Türkiyənin bölgədə aparıcı aktora çevrilməsi, Azərbaycanın qərb sərhədlərinin bütövlüyünü təmin etdikdən sonra cənub sərhədləriylə bağlı düşünə bilmə ehtimalı İranı narahat edən məqamlardır. Elə ona görə də İran Türkiyənin təklifindən ay yarım sonra “1+3” formatı ideyasını ortaya atdı. Qısası, mövcud geosiyasi reallıqlar fonunda “altılıq platforması”nın icrası labüddür. Düşünmürəm ki, tərəflərdən kimsə yaranmış imkandan imtina etsin”.
İsmayıl Qocayev