Moskva daha sərt üzünü göstərməlidir

Ermənilər indi də terror təşkilatına abidə qoyur

Rusiya və Qərb dövlətləri də Ermənistanın şovinist, terrorçu yanaşma ortaya qoymasında ermənilər qədər günahkardır


Ermənistanın nasizmi “qəhrəmanlaşdırması”, faşist Qaregin Njdeyə və başqa cinayətkarlara abidə ucaltması faktları hamıya məlumdur. Məsələ ondadır ki, ermənilər çirkin əməllərindən uzaqlaşmaq əvəzinə daha da irəli gedirlər. Yayılan məlumata görə, İrəvan hökuməti paytaxtın mərkəzində terrorçu Daşnaksütyun Partiyasının təşəbbüsü ilə Türkiyə və Azərbaycanın siyasi şəxslərinə qarşı terror əməliyyatları sayılan – “Nemezis”i təcəssüm etdirən abidə ucaldılmasını planlaşdırır.

“Nemezis” bütün mənbələrdə terror əməliyyatı adı altında keçir. Hətta ermənilərə sevgisi ilə tanınan məşhur fransız yazıçısı Cerard Şaliand hələ 1950-ci illərdə “Nemezis”i sırf terror əməliyyatı adlandırmışdı. Terror əməliyyatlarının iştirakçıları arasında Rusiya imperiyası ərazisində müxtəlif teraktlar həyata keçirənlər də olub. Əfsuslar olsun ki, Ermənistanın terrorizmi təbliğinə heç bir reaksiya verilmir. Əksinə, ermənilərin terrorçuluqda ad çıxarmış qanlı qatillərinə abidə qoyulmasına göz yumulur. 

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə bildirib ki, Ermənistanın irqçi, şovinist mövqeyini ortaya qoyması, terrorçulara heykəl qoyması onları tanıyanların təəccübünə səbəb olmur. Alim vurğulayıb ki, ermənilər terrorçuluğu siyasi model kimi tətbiq ediblər: 

“Bizi hiddətləndirən odur ki, başqa ölkələr, xüsusən hansısa müsəlman dövləti bənzər addım atsaydı, Qərb dünyası çox sərt reakskiya verərdi. ABŞ və Avropa institutları bu addımın bəşəri dəyərlərə, insan haqlarına qarşı təhdid olduğunu dünyaya car çəkərdilər. Ancaq Ermənistanın terrorçuları və terror qruplaşmalarını müdafiə etməsi Avropada demokratiyadan danışanları demək olar ki, maraqlandırmır. Məsələnin üzərindən sükutla keçirlər. Faşizmə, terrorizmə qarşı mübarizə apardığını deyən Rusiya da fərqli mövqe sərgiləmir. Deməli, Ermənistanın militarist və şovinist mövqe tutması sadəcə İrəvanla bağlı deyil. Rusiya və Qərb dövlətləri də Ermənistanın şovinist, terrorçu yanaşma ortaya qoymasında ermənilər qədər günahkardır. Halbuki, “Nemezis” məsələsində Moskvanın daha sərt mövqe tutması gözlənilən idi. Çünki bu əməliyyatlardan ziyan çəkən ölkələr arasında Rusiya da olub”. 

F.Ələkbərli qeyd edib ki, Ermənistana sərt üz göstərilməsə, onlar terrorçuluğu müdafiə etməkdən vaz keçməyəcəklər:

 “Ermənilər bilirlər ki, Avropa və Rusiya onlardan türk-müsəlman dünyasına qarşı alət kimi istifadə edirlər. Ona görə də heç nəyə məhəl qoymadan addımlarını “ürəkli” atırlar. Amma ermənilərə dəstək verənlər anlamırlar ki, bir gün terror silahı bumeranq kimi onların özlərini hədəf alacaq”. 

İsmayıl Qocayev