Tehranın səhvlərini anlayacağına təminat yoxdur

İran səfirinin 3 gün ərzində Hikmət Hacıyevlə iki dəfə görüşü  Gorus-Qafan yolunda yaşananlarla bağlıdır

“Prezidentin köməkçisi Hikmət Hacıyev 3 gün ərzində İranın ölkəmizdəki səfəri Seyid Abbas Musəvi ilə iki dəfə görüşüb. Böyük ehtimalla birinci görüşün təşəbbüskarı səfir olub. Yəqin səfir Azərbaycan XİN-in növbəti notasını almaqdansa Hikmət Hacıyevin iradlarını dinləməyə üstünlük verib”. Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, səfir ona verilən birinci notadan sonra rəsmi Bakının narahatlığını Tehrana çatdırıb. Ancaq Tehran notanı qulaqardına vuraraq Qarabağa yanacaq daşımağı davam etdirməklə Azərbaycandakı səfirini pis vəziyyətdə qoyub:

 “Müsbət xəbər o olardı ki, Tehran Ermənistan üzərindən Qarabağa yük daşımayacağını vəd edib və səfir bu xəbəri Hikmət Hacıyevə çatdırıb. Tehran bunun qarşılığında İran yüklərinin Gorus-Qafan yolundan rahat keçməsini Bakıdan xahiş edə bilərdi. 

Birincisi, təminat yoxdur ki, hər hansı vəddən sonra da İrandakı mərkəzlər Qarabağ separatçılarına yanacaq daşımaqdan imtina etsinlər. Əks halda Tehran səfirə Bakıda verilən birinci notadan sonra bu əməlindən çəkinməliydi. O ki qaldı İran yük maşınlarından alınan gömrük rüsumuna, burada da qeyri-adi heç nə yoxdur. Azərbaycan gömrükçüləri ərazimizdə xarici yük maşınlarından rüsum alırlar. 

Əlbəttə, bu vəziyyət Ermənistana gedən İranın yük maşınları üçün qeyri-adidir, çünki illər boyu istədiklərini Ermənistana və Qarabağa daşıyıblar.

 İran rəsmiləri və şirkətləri müharibədən sonra durumun dəyişdiyini anlamalı idilər. İrəvanın bu vəziyyətdən yeganə çıxış yolu Ermənistanı İranla birləşdirən alternativ yol tikməkdir. Ancaq buna xeyli maliyyə və zaman lazımdır. Yaxud Azərbaycan ərazisinə iddialardan əl çəkib, sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməlidirlər”. 

İsmayıl