Saakaşvili cəmiyyəti inandırmaq istəyir ki, qayıtmaq şansı çoxdur və...”

“...Qayıtsa yenidən islahatları sürətləndirəcək. Amma bütün bunlar hələ ki, müsbət nəticə vermir”



Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze sabiq prezident Mixail Saakaşvilinin oktyabrın 2-dək Gürcüstana gəlməsindən danışıb. Sədr qeyd edib ki, M.Saakaşvilinin oktyabrın buna cürəti çatmayacaq, o, buna risk etməyəcək:
“Sabiq prezident Gürcüstana gələ bilməyəcəyini deməkdən çəkinir: “Saakaşvili qorxur və buna görə də onun anonsu aktual deyil”.

Xatırladaq ki, qonşu ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili sentyabrın 6-da videomüraciət yayaraq, oktyabrın 2-də ölkədə keçiriləcək yerli seçkilər üçün Gürcüstana gedəcəyini elan edib. Sentyabrın 10-da onun vətənə dönməsini dəstəkləyən xalq hərəkatı yaradılıb və təşkilatda artıq 41 min nəfər qeydiyyatdan keçib.

Mövzunu “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Saakaşvilinin Gürcüstanın həyatında önəmli rol oynayan siyasətçi olduğunu qeyd edib:

“Gürcüstanda lazımlı islahatlar apardı. Lakin elə alındı ki, seçkilərdə məğlub oldu və ölkəni tərk etmək məcburiyyətində qaldı. Artıq neçənci dəfə deyir ki, seçkiqabağı ölkəyə qayıdacaq. 
Əslində isə Saakaşvilinin geri qayıtmaq üçün ən böyük şansı prezident seçkilərində olub. Çünki onun prezident seçilmək şansı çox idi, amma Saakaşvilinin tərəfdarı indiki prezidentə məğlub oldu və geri dönüşü baş tutmadı. Siyasətçinin praqmatik olması lazımdır. 

Saakaşvili gərək real qələbəni görsün ki, Gürcüstana qayıtsın. Yenə də seçkilərdə məğlub olacağı görünürsə, onun qayıtmaq ehtimalı aşağıdır. Son sorğular da onu göstərir ki, Gürcüstan əhalisinin əksər hissəsi hələ də indiki hakimiyyətə səs verir. 

Yəni Saakaşvili tərəfdarlarının reytinqi çox yüksək olsaydı, o, ölkəyə qayıdardı. Lakin sual çıxır ki, Saakaşvili niyə bu cür açıqlamalar verir?

 Görünür, tərəfdarlarını fəallaşdırmaq, cəmiyyəti inandırmaq istəyir ki, qayıtmaq şansı çoxdur və qayıtsa yenidən islahatları sürətləndirəcək. Amma bütün bunlar hələ ki, müsbət nəticə vermir”.

Yeganə Bayramova