Paşinyanın "ağzı yanıb"

KTMT Ermənistana 3-4 PUA versə belə heç nə dəyişməyəcək

KTMT-yə rəhbərliyin Ermənistana keçməsi formal xarakter daşıyır və heç bir reallığı dəyişdirmir

"Bölgədə Türkiyə və Pakistan kimi güclü oyunçular gözə dəyir. Görünür, baş nazir müəyyən üsullarla erməni ictimaiyyətini ayıltmağa, həqiqəti onlara göstərməyə cəhd edir"


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla silahlanmalıdır". Bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən sammitdə çıxış edib. Paşinyan bildirib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə İrəvan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir. Quruma sədrliyi xüsusi olaraq qabardan baş nazir bəyan edib ki, üzvlər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir. 

Paşinyanın sözlərinə görə, quruma üzv dövlətlər maraqlarına toxunan məsələləri razılaşdırılmalıdır: “Xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk”. Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin üçgünlük sammiti keçirilib. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak ediblər. Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb. Təşkilatın növbəti iclası 2022-ci ilin sonunda İrəvanda keçiriləcək. 

Paşinyanın Düşənbədəki çıxışını “Şərq”ə şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, KTMT-yə rəhbərliyin Ermənistana keçməsi formal xarakter daşıyır və heç bir reallığı dəyişdirmir. Siyasi şərhçi bildirib ki, Ermənistanın KTMT-dən gözləntiləri müharibəyə qədər böyük idi. Onlar əmin idilər ki, Azərbaycanın hər hansı müdaxiləsində təşkilat erməniləri qoruyacaq, ən azından çəkindirici addımlar atacaq. Bunların heç biri baş vermədi:

 “Rusiyanın müəyyən dairələri Ermənistanı arxayın salırdılar. Moskva “bleflə” məşğul idi. “Münaqişə ancaq sülhlə həll edilməlidir”, yaxud “Gürcüstanın başına gələnlər digər ölkələrə dərs olmalıdır” tipli bəyanatlar erməniləri əməlli-başlı rahatladırdı. Müharibədən sonrakı dövrdə də KTMT-nin sərhədlərin delimitasiya prosesinə, mövcud gərginliklərə qarışmamasının şahidi olduq. Bir sözlə, Ermənistan hər mərhələdə tək buraxıldı. İrəvanın başını qatmaq üçün quruma müvəqqəti sədrliyi ona həvalə ediblər. Sədrlik Ermənistana təşkilat üzərindən sərbəst idarəetmə səlahiyyəti, ordudan istədiyi kimi istifadə hüququ vermir. Qurum kollegialdır və fəaliyyəti səs çoxluğu ilə mümkündür. Hətta tam razılıq əsasındadır. Bu mənada KTMT Paşinyanın xətrinə Ermənistana üç-beş PUA versə belə yenə dəyişən bir şey olmayacaq. 44 günlük müharibədə Rusiyaya məxsus silahların potensialını gördük”. 

A.Qasımova görə, Paşinyanın KTMT-yə inamı yoxdur:

 “Baş nazirin qurumu “əhəmiyyətli” təşkilat kimi qələmə verməsi qurduğu siyasi oyunun tərkib hissəsidir. Paşinyan çalışır ki, ölkədə KTMT-yə, dolayı yolla Moskvaya olan inamı tədricən azaltsın. Hətta bir müddət sonra müraciətlərə cavab verilməməsini əsas gətirərək Ermənistanın qurumdan çıxmasını belə gündəmə gətirə bilər. Regionun siyasi mühitinə nəzər saldıqda, bölgədə Türkiyə və Pakistan kimi güclü oyunçular gözə dəyir. Görünür, baş nazir müəyyən üsullarla erməni ictimaiyyətini ayıltmağa, həqiqəti onlara göstərməyə cəhd edir”. 

İsmayıl Qocayev