Liderlər Soçi görüşündə Zəngəzur dəhlizi ilə bağlı razılığa gələ bilərlər
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və həmkarı Vladimir Putin arasında Soçidə planlaşdırılan görüş barədə danışıb. Peskov vurğulayıb ki, Putin və Ərdoğan arasında çox etibarlı iş əlaqələri var. Onun sözlərinə görə, iki lider arasındakı güvən ciddi danışıqlar üçün əlverişlidir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı açıqlamaları onun Rusiyaya planlaşdırılan səfərinin uğurlu keçməsi perspektivlərinə zərər yetirmir. Vəziyyəti şişirtmək istəməzdim. Bununla belə, Türkiyə bizim tərəfdaşımızdır. Bizim inkişaf etmiş münasibətlərimiz var və bu inkişaf etmiş münasibətlərin fonunda fikir ayrılıqlarımız da qalır. Türkiyənin, cənab Ərdoğanın Krımla bağlı mövqeyi bizə yaxşı məlumdur və onlar bu mövqeyi gizlətməyiblər”. Peskov Putin-Ərdoğan arasında əsas müzakirənin Suriya və İdliblə bağlı olacağını bəyan edib. Ancaq tərəflərin görüşündə çoxsaylı mühüm məsələlərin müzakirə predmeti olacağı istisna edilmir. Xatırladaq ki, Türkiyə rəhbəri rusiyalı həmkarı ilə görüşdə önəmli qərarların alınacağının, ciddi müzakirələrin aparılacağının anonsunu vermişdi.
Peskovun açıqlamasını “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, sentyabrın 29-da görüşməli olan Putin və Ərdoğan İdlib böhranı, Türkiyənin Ukraynaya dəstəyi və Zəngəzur dəhlizinin açılması məsələlərini müzakirə edəcəklər. Ekspert bildirib ki, bir neçə müddətdir Rusiya tərəfi Türkiyədən Ukraynaya hərbi-texniki dəstək verilməsindən narahatdır:
“Putin cənab Ərdoğandan belə bir dəstəyi kəsməyi xahiş edə bilər. Təbii ki, Ankara Ukraynaya dəstəklə bağlı Rusiyanın istəklərini yerinə yetirməyəcək. Çünki Ukrayna, Qara dəniz hövzəsi Türkiyənin əlində ciddi rıçaqdır. Suriyada İdliblə bağlı gərgin vəziyyət hökm sürür. Rusiya İdlibə və Afrinə havadan hərbi əməliyyatlar həyata keçirir. Türkiyə də İdlib və Afrin istiqamətinə yeni hərbi birliklər göndərir. Göründüyü kimi hər iki tərəf görüş öncəsi öz güclərini nümayiş etdirirlər. Bunun da məqsədi qarşı tərəfə güzəştə getməməkdir. Türkiyənin öz qərarlılığı ilə Moskvanı güzəştə məcbur etməsi mümkündür. Türkiyə tərəfi İdlibdən o halda geri çəkilə bilər ki, Rusiya terrorçu YPG-ya qarşı hərbi əməliyyatlara dəstək versin”.
M.Əsədullazadənin qənaətincə, Soçi görüşündə tərəflərin ortaq məxrəcə gəlməsi mümkündür:
“Qarşılıqlı güzəştlər vasitəsilə əməkdaşlıq və tərəfdaşlıq davam etdirilə bilər. Ərdoğan və Putin anlaşa bilirlər. Hər iki ölkənin dərin böhrana getməsi gözlənilmir. Bu nə Rusiyaya, nə də Türkiyəyə lazımdır. Xüsusilə, Rusiya Türkiyə ilə mümkün hərbi-texniki əməkdaşlığı qorumaqda maraqlıdır. Fikrimcə, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da razılığa gələ bilərlər. İdliblə bağlı bu görüşdə müsbət razılıq olarsa, Zəngəzur dəhlizi və Ermənistanla münasibətlərin normallaşmasına təsir edəcək”.
İsmayıl Qocayev