İran-Azərbaycan münasibətlərinin düzəlməsi ehtimalı sıfıra bərabərdir
"Tehranın siyasi gözləmə mövqeyinə keçməsi növbəti gedişə hazırlıqdır: “Qətiyyən İrana aldanmaq, bel bağlamaq olmaz"
Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan-İran əlaqələrindən və Tehranın son günlər sərgilədiyi mövqedən də danışıb. Dövlət başçısı bəyan edib ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağ bölgəsinə getməsi ilk dəfə baş vermir. Belə hallar işğal dövründə də dəfələrlə baş verib. Ölkə rəhbərinin sözlərinə görə, İrana məxsus yük maşınları davamlı olaraq ora gedirdi:
“Bu barədə məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra artıq Laçın dəhlizi bizim gözümüzün qarşısındadır. Bizim hərbi postlardan Xankəndiyə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir. Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikik, kameralar var. Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmasının vacibliyini söyləsinlər. Bu bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır”.
Prezident vurğulayıb ki, bir ay geçdikdən sonra Azərbaycan İrana rəsmi formada diplomatik nota verdi və İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi:
“Şikayətlər səfirə bildirildi və bu duruma son qoyulması xahiş edildi. Bu, avqustun ortasında olmuşdu. Ümid edirdik ki, buna son qoyacaq. Lakin 11 avqust-11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün biz artıq praktik addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Məsələni bu həddə çatdırmağa gərək vardı? Orada, Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində cəmi 25 min insan yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi? Biz indi xarici ölkələrə daxil olanda gömrük vergisi ödəyirik. Onlar da Azərbaycan torpaqlarından keçirsə, vergi ödəməlidirlər”.
Ölkə rəhbəri İranın cənub sərhədlərimizdə keçirdiyi hərbi təlimlərə də münasibət bildirib. Dövlət başçısı diqqətə çatdırıb ki, sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüblü bir məsələdir: “Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz. Ancaq analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın”.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Qarabağa qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq edildiyini söyləyib. Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb: “İran şirkətlərinə tapşırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır”.
İranın riyakar mövqeyi ilə bağlı “Şərq”ə açıqlama verən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, İran-Azərbaycan münasibətlərinin düzəlməsi ehtimalı sıfıra bərabərdir. Professorun sözlərinə görə, 30 il ərzində Tehranın Azərbaycana qarşı sərgilədiyi xarici siyasət, qərəzli mövqe bunu əminliklə deməyə imkan verir:
“Ümumilikdə İran son iki yüz ildə Rusiya ilə birlikdə Azərbaycana qarşı ancaq parçalama, zəiflətmə, düşmənçilik mövqeyindən çıxış edib. Əfsuslar olsun ki, bu siyasət bu gün də davam etməkdədir. Tehran rejimi rəsmi Bakının uğurlarından çox narahatdır və baş verənlərə siyasi qısqanclıqla yanaşır. 1991-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin nümayəndə heyəti İrana səfər etmişdi. Nümayəndə heyətinin tərkibində mən də var idim. Bir həftəyə qədər İranda qaldıq. Onlar bizdən tələb edirdi ki, mütləq Məşhədə getməliyik, İmam Rzanın qəbrini ziyarət etməliyik və s. Biz də əvəzində tələb edirdik ki, görkəmli şairimiz Məmmədhüseyn Şəhriyarın məzarını görmək istəyirik. Eyni zamanda Təbrizə getmək istədiyimizi dedik.
Səfər boyu baş verən bütün hadisələr göstərdi ki, Tehran hökuməti Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan olmaq istəmir. Hətta parlamentdə Azərbaycana, xüsusən Şeyxülislama qarşı ciddi ittihamlar səsləndirildi və qarşıdurma yarandı. Təəssüf ki, 30 il ərzində İran bizə qarşı öz siyasətini müsbətə doğru dəyişmədi. Müəyyən dövrlərdə bir qədər geriyə çəkilə, müvəqqəti səssiz qala bilərlər, amma ümumən yeridilən siyasətdə redaktələr edilmir”.
C.Nuriyevin fikrincə, Tehranın siyasi gözləmə mövqeyinə keçməsi növbəti gedişə hazırlıqdır: “Qətiyyən İrana aldanmaq, bel bağlamaq olmaz.
Azərbaycan Türkiyədəki yanğınların söndürülməsində iştirak edəndə, İran dərhal Mehridəki yanğınlarla bağlı Ermənistana nümayəndə heyəti göndərdi. Cənub qonşumuzun əksər addımları Azərbaycana qarşı düşünülmüş siyasətin tərkib hissəsidir. İstənilən hərəkətləri ilə göstərirlər ki, biz nə etsək də, onlar Ermənistanı dəstəkləməkdən vaz keçməyəcəklər. Son günlərdə Azərbaycan ictimaiyyətində İrana qarşı ciddi tənqidlər, narazılıq artmışdı.
Həm də Türkiyə və Pakistanın bəyanatları Tehranı kifayət qədər narahat etdi. İran başa düşdü ki, Azərbaycana qarşı yürütdüyü təxribat siyasətindən müvəqqəti də olsa əl çəkməsə, ziyan görən tərəf özü olacaq. Birmənalı dərk etmək lazımdır ki, İran əqrəb siyasətindən əl çəkməyəcək və əlinə imkan düşən kimi ilk fürsətdə sancmağa başlayacaq”.
İsmayıl Qocayev