General-leytenant Gennadi Anaşkin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə təyin olunub. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş zamanı Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.
Fikrimcə, sülhməramlıların komandanının tez- tez dəyişməsi heç də yaxşıya əlamət deyil. Görünür, nə isə bir "əmma" var. Məlum olduğu kimi, onların əsas vəzifəsi sabitliyi təmin etmək, neytral mövqe sərgiləməkdir. Ola bilsin, Rusiya buna əməl etmək istəmir, generallara başqa tapşırıqlar verir. Və buna görə rəsmi Bakı komandanların əvəzlənməsini tələb edir. Həmçinin generalların Moskvanın verdiyi komandalara əməl etmək istəməməyi və ya bunları bacarmamağı da mümkündür. Məhz bu səbəbdən komandanların dəyişilməsi istisna deyil. İstənilən halda sülhməramlı kontingentin fəaliyyəti Kremldən idarə olunur. Və, deməli, bütün müəmmalarda "oxlar ona yönəlməlidir".
Kosobokov kimi Anaşkin də vaxtı ilə Şimali Osetiyada xidmət edib. Düşünürəm ki, məhz bu generalların Qarabağa təyin olunması təsadüfi deyil. Bunun bizə ismarıc xarakterli olması mümkündür.
Yeni komandan fəaliyyətə başladığı günlərdə Ağdərənin erməni terrorçulardan təmizlənməsi barədə informasiyanın yayılmasını da təsadüfi hesab etmirəm. Çünki Kosobokov vəzifə səlahiyyətlərini icra etməyə başlayanda da oxşar xəbərlər yayılmışdı. Əlbəttə, hər şey mümkündür. Bəlkə də, yayılan xəbərlər doğrudur. Lakin bunun sülhməramlı kontingentin yeni komandanına etimad yaranması üçün atılan addım olması da mümkündür.
Əgər sülhməramlılarla bağlı problem yoxdursa, hər şey qaydasındarsa, komandanın dəyişilməsinə ehtiyac yoxdur. Yəni Qarabağın hələlik işğal altında olan ərazilərində "sular bulanıq"dır.
General Anaşkinin fəaliyyəti ciddi izlənilməlidir. Tapşırıqların Rusiyadan gəlməsinə rəğmən, yeni komandanın "çalınan havaya oynamasına" imkan verilməməlidir. Soyuqqanlı, təmkinli olmalı, üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsini, o cümlədən erməni terrorçularının Qarabağdan çıxarılmasını tələb etməliyik.
Bəlkə də, "general oyunu" Moskvanın növbəti ssenarisidir.
Əvvəl "cığallıq edir", sonra Bakının tələbi ilə komandanı dəyişir ki, guya "dili uzun" olsun. Lakin ortada konkret sənəd var. Sülhməramlıların fəaliyyəti Kremlin sifarişi ilə yox, üçtərəfli razılaşma ilə tənzimlənir. Əlbəttə, həmin öhdəliklər yerinə yetirilmədikcə bizim narazılıqlarımız da, tələblərimiz də haqlı olacaq.
Kənan Novruzov