Deputat Ermənistan Təhlükəsizlik Şurasının katibini faktlarla ifşa etdi 

“Sputnik Armeniya” saytının verdiyi məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 23 sentyabr tarixində jurnalistlərə müsahibəsində bildirib: “Qarabağ heç bir vaxt Ermənistanın ərazi tələbi olmayıb. Söhbət bütün bu 30 ildə deyildiyi kimi, öz müqəddəratını təyinetmə problemindən gedir”. Doğrudan da, ermənilərə elə gəlir ki, dedikləri dünya ictimaiyyəti üçün quran ayəsidir?! Həqiqətən, özlərini hamıdan ağıllı hesab edirlər?!

Bu barədə “Sherg.az”a münasibət bildirən millət vəkili Musa Qasımlı Armen Qriqoryana ritorik suallarla müraciət etdi:

 “Ermənistan SSR-in qanunverici orqanı olan  Ali Sovetin 1989-cu il 1 dekabr tarixli Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarını unudubmu? 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistanın 1990-cı il iqtisadi planına daxil etməsini bilmirmi? SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1990-cı il yanvarın 10-da qəbul etdiyi “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il  dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ konstitusiyasına uyğun olmaması haqqında” qərarından xəbəri yoxdurmu? 

Əgər bu şəxs gerçəkləri bilmirsə, onda dediyim rəsmi sənədləri  oxuya bilər. Hesab edirəm ki, o, həmin sənədləri çox yaxşı bilir. Sadəcə, ermənilər yenidən dünyanı aldatmaq həvəsinə düşüblər. 30 il aldatdılar, ancaq nəticəsini görmədilər. Amma yenə də xasiyyətlərindən əl çəkmirlər. Davam etsələr, yenə eyni nəticəni alacaqlar. 

Elə buna görə də Ermənistan rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı nitqini diqqətlə oxumaları və dərk etmələri faydalı olardı”.

Kənan Novruzov