Saakaşvili Gürcüctana qayıdır:“Seçkilərdə qalib gəlmək şansı da var”

Ukraynada Milli İslahatlar Şurasının icra komitəsinin rəhbəri olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisiyə getmək üçün oktyabrın 2-nə bilet aldığını açıqlayıb. Bu tarixdə ölkədə yerli seçkilər keçirilməlidir. “Əlbəttə ki, dediyim kimi, oktyabrın 2-si axşam saatlarında Tbilisidə sizinlə olmaq və iradə ifadənizi qorumaq, eləcə də Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”, – deyə Saakaşvili “Facebook”da videomüraciətdə söyləyib. 

Sentyabrın 6-sı Mixail Saakaşvili oktyabrın 2-nə təyin olunan bələdiyyə seçkiləri ərəfəsində vətəninə gələcəyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, Gürcüstan hökuməti onu həbs etsə belə, gürcü xalqı keçmiş prezidentini azad edəcək.

2013-cü ildə səlahiyyət müddəti başa çatdıqdan dərhal sonra Gürcüstanı tərk edən Mixail Saakaşvili Tbilisi məhkəməsi tərəfindən vəzifələrindən sui-istifadə etməklə bağlı iki cinayət işi üzrə üç və alt il həbs cəzasına məhkum edilib.

Saakaşvilinin qərarını “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bunun məqsədəuyğun olduğunu bildirdi: 

“Hazırda Gürcüstanda ana müxalifət Saakaşvilinin sədri olduğu “Vahid Milli Hərəkat” partiyasıdır. Və keçmiş prezident bu partiyanın aparıcı simasıdır. Ötən seçkilərdə partiya iqtidar partiyasına yaxın səs toplasa da, Saakişvili vəziyyəti kənardan idarə edə bilmədi. Ona görə də düşünür ki, ən yaxşı variant Gürcüstana qayıtmaqdır. Bu zaman seçki aktivliyi artacaq, tərəfdarların fəallığı güclənəcək. Hətta Saakaşvilinin növbəti seçkilərdə qalib gəlmək şansı da var. İqtidar partiyası səsvermədə 3-5 faiz irəlidə olsa belə, xalq hazırkı hakimiyyəti istefaya da məcbur edə bilər. Amma keçmiş dövlət başçısı özü Gürcüstanda olmasa bu, mümkün deyil”.

Kənan Novruzov