İran anlasın! - “...Adekvat cavab veriləcək”

“Rəsmi Tehran bu davranışlarına qon qoymalıdır”

"Əks halda ictimaiyyətimizin, o cümlədən oradakı soydaşlarımzın daha sərt mövqeyi ilə qarşılaşacaq" 

“Otuz il təlim keçməyibsə, indi niyə keçir?!”

Prezident İlham Əliyev İran yük maşınlarının qanunsuz olaraq Qarabağa yük daşımasından danışıb. İlham Əliyev “Anadolu”ya müsahibəsində deyib ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağa getməsi ilk belə hal deyil. “Bu, işğal vaxtı da baş verdi. Bu TIR-lar ardıcıl şəkildə ora gedirdi. Bizim məlumatlarımız var idi, amma indiki kimi dəqiq bilgi, əlbəttə ki, yox idi”, - deyə İlham Əliyev əlavə edib. 

İlham Əliyev daha sonra bildirib: “Biz bunu göz önünə gətirərək müxtəlif kanallarla İrana narazılığımızı ifadə edirdik. Lakin bu proses davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola olan məsafə 5-6 metrdir.

Biz Laçın dəhlizi boyunca Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki izləmə imkanlarına malikik. Orada kameralar var. Peykdən istifadə edirik. Pilotsuz uçuş aparatlarını istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra ora getməyə davam edir. Mən Prezident Administrasiyasının vəzifəli şəxslərinə təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə gətirmək istəmirdik. Dedik ki, dostca görüşsünlər və buna son verilməsinin vacibliyini söyləsinlər. Çünki, bu, bizə qarşı, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik idi, buna son verilməlidir. Bu görüş səhv etmirəmsə, iyul ayında oldu.

Bundan sonra təbii ki, biz məsələni izləməyə davam etdik, hər ayın əvvəlində bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev dövlət başçısının cənub qonşumuza mesajlarını “Sherg.az”a qiymətləndirdi: 

“Biz İranın yanlış, qonşuluğa və müsəlmanlığa sığmayan hərəkətləri ilə bağlı dəfələrlə yumşaq dillə ona xəbərdarlıq etmişik, iradımızı bildirmişdik. Lakin Tehran dərs götürmədi- müharibədən əvvəl olduğu kimi sonra da Qarabağa yüklər daşındı. Prezidentin çox çıxışından sonra isə bəzi İran politoloqları çox səviyyəsiz münasibət bildirdilər. Bu, sadəcə tərbiyəsizlikdir. Dövlət başçısının dediyi kimi İran bu davranışlarına qon qoymalıdır. Otuz il təlim keçməyibsə, indi niyə keçir?!”.

F.Quliyev, həmçinin vurğulayıb ki, Azərbaycanın da səbrinin həddi var:

 “Rəsmi Tehran ortaya sərt mövqe qoyacağımız təqdirdə qarşımızda dayana bilməyəcəyini hiss etdi. Fikrimcə, İran ismarışlardan nəticə çıxarmalıdır. Əks halda ictimaiyyətimizin, o cümlədən oradakı soydaşlarımzın daha sərt mövqeyi ilə qarşılaşacaq. Gərək İran həddini aşmasın. Bilsin ki, hörmətsizliyə adekvat cavab veriləcək”.

Kənan Novruzov