“Rusiya və İran Ermənistanı dirçəltmək istəyir, amma...”

“Rusiya və Ermənistan Prezident İlham Əliyevin bəyanatlarından nəticə çıxarmalıdır”

“Azərbaycan istənilən zaman lazım olan addımları atacaq. Heç kəskin buna şübhəsi olmasın”


Prezident İlham Əliyevin sentyabrın 27-də Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə olduqca aydın mesajlar verib.  Ali Baş Komandan xüsusilə Rusiyanın bölgədəki maraqları, beynəxalq təşkilatların səriştəsiz fəaliyyətinə diqqət çəkib. Prezident qeyd edib ki, Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlığımız Rusiya tərəfindən anlayışla qarşılanır:

“Rusiya tərəfi bizə müdafiə nazirinin “Ermənistanı silahlandırma prosesi yenidən başladı” sözlərini söyləmədiyini bildirdi. Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Bizə rəsmi şəkildə bildirildi ki, belə bir plan yoxdur. Biz Ermənistan ordusunun yenidən pulsuz silahlandırılması məsələsi ilə bağlı Rusiya tərəfindən qaneedici cavab aldıq və bu məsələni gündəmdən çıxardıq. Bu, Ermənistanın çirkin əməllərindən vaz keçmədiyini göstərir. Ortaya atılan bu yalan öncə böyük bir xətadır. Əgər sən Rusiya müdafiə nazirinin söyləmədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlik, təxribatdır. İkincisi, biz bunu dəfələrlə işğal dönəmində də gördük, işğaldan sonra da gördük ki, Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün davamlı olaraq Rusiya və Azərbaycan münasibətlərində çatlar yaranması üçün çalışır. Hər gün davamlı olaraq... Onların gündəlik işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq, Rusiya və Azərbaycanın münasibətlərinə kölgə salmaqdır. Düşünürlər ki, bu durumda intiqamçı qüvvələr yenidən baş qaldıraraq bizə qarşı savaşa başlaya bilər. Lakin onlar yanılırlar”.

 Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, Azərbaycan Prezidenti Rusiyaya müttəfiq və qonşu dövlətlər olduğumuz və hər məqamdan xəbər tutduğumuzla bağlı ciddi mesajlar verib:

“Ali Baş Komandan Vətən müharibəsi dövründə də Rusiyaya dəfələrlə hər şey barədə məlumatımız olduğunu bildirib. Rusiya necə sülh yaratmaq missiyasını yerinə yetirir ki, eyni zamanda düşmənə silah-sursat yardımı edir?. Bu, məntiqdən uzaq olan bir durumdur. Ölkə başçısı bu günlərdə Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə rus sülhməramlılarına onların fəaliyyətindən razı qalmaq istədiyimizi eşitdirmişdi. “Anadolu” agentliyinə isə verdiyi müsahibədə bildirdi ki, rus sülhməramlıları bəzi hallarda Azərbaycanın icazəsi olmadan ərazilərimizə xarici ölkə vətəndaşları və avtomobilləri buraxır. Dövlətimiz bütün məqamları çox gözəl bilir. 

Təəssüf ki, bu gün Ermənistanı dirçəltmək istəyən qüvvələr var. Həmin qüvvələrin içində İran və Rusiyanın adını xüsusi çəkə bilərik. Ölkə başçısı qonşuluq xatirinə bəzi məqamları sərt formada dilə gətirmir. Rusiyaya bu qədər loyallıq göstəririk, əvəzində isə çalışırlar ki, separatizmə dəstək olsunlar. Ona görə də Rusiya və Ermənistan Prezident İlham Əliyevin bəyanatlarından nəticə çıxarmalıdır. 

Azərbaycan istənilən zaman lazım olan addımları atacaq. Heç kəskin buna şübhəsi olmasın”.

 Yeganə Bayramova