Qarabağlılar kəndinin adı azərbaycanlılara qaytarılmalıdır
Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kəndində gərginlik baş verib. Sakinlər kəndin giriş hissəsində üzərində gürcü və Azərbaycan dillərində “Qarabağlı” adının yazıldığı lövhə quraşdırıblar. Əraziyə polis cəlb olunub. Sakinlərə bunun qanunsuz olduğu bildirilib və lövhənin sökülməsi tələb edilib. Sakinlər kəndin tarixi adının “Qarabağlı” olduğunu bildirərək lövhəni götürməkdən imtina ediblər. Lövhəni quraşdıranlardan biri Fazil Əliyev bildirib ki, kəndin əzəli adının qaytarılması ilə bağlı Gürcüstan hökuməti və parlamentə müraciət olunub.
Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən siyasi-analitik Züriyə Qarayeva deyib ki, baş verən məlum hadisənin arxasında kənar qüvvələr dayanır: "Təbii ki, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı zaman-zaman təxribat xarakterli addımlar atılıb və bu məsələ hökumətlərarası danışıqlar yolu ilə nizama salınıb. İndi isə bu tip addımların atılması, yəni azərbaycanlıların kəndin doğma adını qaytarmaq üçün etdikləri təşəbbüsə qarşı polis zorakılığının edilməsi mahiyyət etibarı ilə iki ölkə arasında mövcud olan münasibətlərə zərbə vurmağa hesablanıb. Hesab etmək olar ki, Gürcüstan hökuməti və yerli administrativ qurumlar baş verən hadisələrlə bağlı azərbaycanlıların milli heysiyyatını nəzərə alaraq, kəndin əzəli adının bərpasına şərait yaradacaqlar. Fikrimcə, Gürcüstan və Azərbaycan arasında mövcud olan qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqələrin yüksək səviyyədə olması belə kiçik təxribatların böyük böhranlara səbəb olmasına imkan verməyəcək. Nəzərə alsaq ki, Gürcüstanda 600 mindən çox azərbaycanlı yaşayır ki, bu da kifayət qədər böyük rəqəmdir".
Aynurə