Lavrovun Qarabağla bağlı səsləndirdiyi sabitlik maraqlarımıza uyğun deyil
Ötən gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Qarabağla bağlı fikir səsələndirib. O bildirib ki, Qarabağla bağlı üçtərəfli razılaşmanın başlıca nəticəsi sabitlikdir: "Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması barədə əldə etdiyi razılaşmaların başlıca nəticəsi münaqişə zonasında vəziyyətin sabitləşməsidir".
O bildirib ki, sabitlik təmin olunub və dəstəklənir: "Rusiya sülhməramlı kontingentinin xidməti sayəsində biz hər hansı zorakılıq addımlarını müşahid etmirik. İlkin mərhələdə olan xırda insidentlər tez həllini tapdı. Bir daha təkrar edirəm, bəzi problemlər olsa da, indi orada vəziyyət sabitdir".
Mövzu iilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Lavrovun bu bəyanatı reallıqları əks etdirmir. Siyasi analitik bildirib ki, sadəcə burada Rusiya sayağı mövqe sərgilənib:
"Əgər sakitlik sərhəddə tez-tez atəşkəsin pozulması, Azərbaycan ərazilərinə Azərbaycanın icazəsi olmadan hansısa şəxslərin, erməni döyüşçülərinin, İran tırlarının gəlməsidirsə, təbii ki, bu bizi qane etməyən stabillikdir. Stabillik anlayışı Azərbaycan ordusunun 44 günlük döyüş yolunun sonunda əldə etdiyi gerçəklikdədir. Rusiyanın mövqeyi təbii ki, öz şəxsi maraqları çərçivəsindədir və onlar hesab edirlər ki, stabillik hər iki tərəfin maraqları çərçivəsində həllini tapmalıdır.
Biz maraqlarımızı ortaya qoymuşuq və bundan sonra da qorumağı bacaracağıq. Erməni tərəfinin maraqlarını isə Rusiya qorumağı özünə borc hesab edir. Bu baxımdan, status məsələsini ortaya atır. Lavrov: "indi orda vəziyyət sabitdir"- deməklə, belə hesab edir ki, bu, hər iki tərəfi qane edən ifadədir, amma əslində isə ordakı sabitlik bizim maraqlarımıza ziddir. Azərbaycan dövlətinə qarşı üsyan etmiş bir toplum və onun "idarəçiləri" niyə rus nəzarətində sakit və stabil vəziyyətdə yaşamalıdır? Bu şərait bizi qane edə bilərmi? Azərbaycan hesab edir ki, bu toplumun içərisindəki normal təfəkkürü olan, Azərbaycan idarəçiliyi altında yaşamağı qəbul edən erməni, ancaq Azərbaycanın nəzarətində və onun bayrağı altında onun vətəndaşı kimi stabil vəziyyətdə yaşaya bilər".
A.Qasımov əlavə edib ki, Lavrovun dediyi stabillik həmin erməni toplumunun özünə inamını, ayrı yaşamaq üçün özgüvən qazanmasını təmin edən stabillikdir:
"Hesab edirəm ki, Qarabağdakı üsyankar erməni toplumu bizim nəzarətimizdən kənarda bir gün də olsun stabil vəziyyətdə yaşamamalıdırlar. Onların hər günü qorxu və təhlükə içərisində keçməlidir, o vaxta kimi ki, özləri Azərbaycana onun bayrağı altında hal-hazırda Azərbaycanda yaşayan ermənilər kimi yaşamağı qəbul etsinlər. O vaxt Azərbaycanın təvazökar milləti onların bu xahişlərini qəbul edər deyə düşünürəm".
Aynurə Pənahqızı