Gürcüstanın vasitəçiliyi reallaşacaqmı? - “Rusiya mane ola bilər”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb. Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.
 
Qeyd edək ki, İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.
Bir müddət əvvəl isə Qaribaşvili iki ölkə arasında vasitəçilik təklif etmişdi: “Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik”.

Gürcüstanın proseslərdəki rolunu “Sherg.az”a şərh edən BDU-nun müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Sultan Zahidovun sözlərinə görə, indiyədək bir neçə dəfə belə təşəbbüslər olub:

 “Rəsmi Tiflis 1990-cı illərdən vasitəçi olmaq barədə müntəzəm açıqlamalar verir. Fikrimcə, qonşu ölkə təşəbbüskarlığında səmimidir. Ən azından ona görə ki, özünün regional maraqları var. Üstəgəl, Gürcüstan Azərbaycan və Ermənistanla ticari-iqtisadi münasibətlər saxlayır. Əlbəttə, bizimlə ticarət dövriyyəsi daha çoxdur. Eyni zamanda Gürcüstanın Qafqazda Azərbaycan və Ermənistanla müharibə aparmayan, konflikt saxlamayan ölkə olduğunu nəzərə alsaq, belə bir təşəbbüs heç də təəccüblü deyil”.

S.Zahidovun fikrincə, Gürcüstanın “ayağı bu dəfə də daşa dəyə bilər”: 

“Məlum olduğu kimi, Azərbaycan və Türkiyə prezidentləri altılıq platformasınn yaradılması təşəbbüsü ilə çıxış ediblər Bu, regionda sülh və sabitliyi təmin etməkdən ötrüdür. Ancaq Gürcüstanla Rusiya arasında olan problemlər və Ermənistanın dekonstruktiv mövqeyi hələlik buna mane olur. Tiflis Bakınn xoş niyyətinə cavab olaraq vasitəçilik təşəbbüsü ilə çıxış etdi. Amma Gürcüstan regional ölkə olmasına rəğmən, böyük güclərə, o cümlədən Rusiyaya qarşı təsir mexanizmləri elə də çox deyil. Tiflis regional proseslərdə kifayət qədər rol oynamır. Moskva isə daim hegemon olmağa çalışır. Kreml vaxtı ilə ATƏT-in, Gürcüstanın vasitəçiliyinə imkan vermədi. İndi bunu tam bacarmasa belə, Türkiyəyə də müqavimət göstərməyə çalışır. Deməli, bu dəfə də proseslərə mane ola bilər”.

Kənan Novruzov